Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin Florensiyadakı məşhur Borgeze sarayında təqdimatı keçirilib.
İtaliyadakı səfirliyimizin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Florensiyada yerləşən İtaliya və Azərbaycan arasında mədəni mübadilə üzrə Avropa Assosiasiyasının (EURASIA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Florensiya meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azərbaycanlı tələbələr iştirak ediblər.
EURASIA-nın rəhbəri Edoardo Paniki, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, TEAS-ın Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro, Florensiya meriyasının nümayəndəsi Cosimo Guccione tədbirdə çıxış ediblər.
“Sonsuz dəhliz” filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə jurnalist o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Filmdə əlli qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş və aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə çatdırılır.
Filmi seyr edən tədbir iştirakçıları Xocalı hadisələri nümunəsində erməni faşizminin əsl simasını bir daha görüblər.