RAGB-nin adı “Açıq imkanlar məkanı” almanaxına daxil edilib
10/03/2016

Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası “Açıq imkanlar məkanı” adlı almanax dərc edib. Almanaxa Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyəti barədə məlumat da daxil olunub.

Nəşrdə Milli Şuraya üzv olmağın üstünlükləri, Şuranın rəhbərliyi, əsas proqramları və əlbəttə, onun təşkilatları barədə məlumat verilir.

Almanaxın RAGB-yə həsr edilmiş bölməsində bu təşkilatın lideri Leyla Əliyevanın Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri, “Baku” jurnalının baş redaktoru və IDEA İctimai Birliyinin təsisçisi vəzifəsində fəaliyyəti barədə ətraflı məlumat verilir, beynəlxalq təşkilatların Leyla Əliyevanı layiq gördüyü mükafatlar, o cümlədən Kremldə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Puşkin medalı təqdim edilməsi qeyd olunur.

Layihə müəllifləri vurğulayırlar ki, RAGB-nin məqsədi Azərbaycanlı gənclər mühitində ziyalıları cəmləşdirmək, Azərbaycan gənclərinin sosial, fiziki və mənəvi inkişafını dəstəkləmək, millətlərarası dostluq münasibətlərinin inkişafına kömək etməkdir. Almanaxda RAGB tərəfindən həyata keçirilən “RAGB qış məktəbi”, “RAGB Universiadası”, “Qanın milləti yoxdur” kimi əsas layihələr barədə də söhbət açılır.

Qeyd edək ki, almanaxın elektron versiyası Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının saytında yerləşdirilib.

(http://www.youthrussia.ru/files/uploads/prostranstvo_ov.pdf).