Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Azərbaycan Republikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İnformasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində noyabrın 3-də “Xocalıya Ədalət” kampaniyasının əlaqələndiriciləri ilə görüş olub.
Görüşdə DƏ-İKGF mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fodunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.
DƏ-İKGF baş katibi Elşad İsgəndərov beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının rolunu yüksək qiymətləndirib, Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlərdən danışıb.
Leyla Əliyeva isə bildirib ki, kampaniyanın başlanmasından az müddət keçməsinə baxmayaraq çox iş görülüb: “Bu bir daha təsdiq edir ki, biz birlikdə olanda daha çox işlər görə bilərik”.
Leyla Əliyevanın başçılığı altında təşkil edilmiş kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən gəlmiş milli əlaqələndiricilərin iştirakı ilə keçirilən iclasda kampaniyanın 2010-2011-ci illərdə daha səmərəli təşkili üçün konkret təkliflər ətrafında müzakirələr aparılıb. Milli əlaqələndiricilər Niderlandı təmsil edən tanınmış jurnalist və sənədli filmlər üzrə rejissor Qert van Dam, Litva Gənclər Şurasından İeva Lukoseviç, Latın Amerikası Gənclər Forumunu təmsil edən Culiana Fuentez Diaz, Şri-Lankadan olan Qlobal Yaşıllar Hərəkatının nümayəndəsi Sanka Abayavardena müzakirələrdə fəal iştirak ediblər.
Sonda milli əlaqələndiricilərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.