Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin sərgi salonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Bayram şənliyində 20-dən çox ölkənin nümayəndələri iştirak ediblər.
Sərgi salonunda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, ölkəmizin Rusiyadakı səfirliyinin və Rusiya Azərbaycanlı Gənclər Biriyinin təşkil etdiyi Azərbaycan guşəsi şənliyə gələnlərin xüsusi marağına səbəb olub. Guşə “Baku” jurnalının redaksiyası tərəfindən təqdim edilmiş, Azərbaycanda Novruz bayramının qeyd olunması tarixini əks etdirən fotoşəkillərlə bəzədilib. Monitorda Novruzun Bakıda, İçərişəhərdə qeyd olunması ilə bağlı kadrlar nümayiş etdirilib. Stenddə təqdim olunan milli geyimlər və çalğı alətləri, səməni, Azərbaycan şirniyyatı sərgiyə gələnlərin marağına səbəb olub. Milli geyimli qızlar qonaqları zəngin Azərbaycan süfrəsinin nemətləri düzülmüş xonçalarla qarşılayıblar. Stendin qarşısında qoyulmuş süni tonqalın üstündən tullanan Kosa və Keçəl şən zarafatları ilə ətrafdakıları əyləndiriblər. “Qarabağ” rəqs ansamblının ifasında milli rəqslər, habelə nağara alətində ifa üzrə ustad dərsləri şənliyə xüsusi ab-hava qatıb.
Moskva hökuməti milli siyasət, regionlararası əlaqələr və turizm departamentinin rəhbəri Vladimir Çernikov tədbiri açaraq iştirakçıları yazın gəlişi münasibətilə təbrik edib. O deyib ki, təntənəli Novruz bayramında iştirak edən hər kəs böyük və çoxmillətli şəhərin, ölkənin bir hissəsi olduğunu anlayır. Moskva rəsmisi vurğulayıb ki, hər birimiz planetimizi daha xeyirxah, bəşəriyyəti daha xoşbəxt etmək üçün çalışmalıyıq. Sonra o, Moskva meri Sergey Sobyaninin Novruz şənliyi işirakçılarına təbrik məktubunu oxuyub.
Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri səfirləri korpusunun rəhbəri Polad Bülbüloğlu bayramın təşkilatçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, Novruz bahar, saflıq, gənclik bayramıdır. Diplomat deyib: “Siz bilirsiniz ki, Azərbaycan xalqı üçün Novruz həm də barışıq bayramıdır. Mən bütün moskvalıları bu bayram münasibətilə təbrik edirəm. Moskva həmişə beynəlmiləl şəhər olub və indi də bu ənənəni davam etdirir”.
Tədbir bir çox millətlərin nümayəndələrinin çıxış etdikləri bayram konserti ilə davam edib. Azərbaycanın “Odlar yurdu” və “Azərbaycan” mahnı və rəqs ansamblları, Rusiyanın “O səs-uşaqlar” şou proqramının iştirakçısı Azər Nəsibovun çıxışları xüsusi maraqla qarşılanıb.