Moskvada Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib

Video

Moskvada Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib

Moskvada Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib
26/02/2009

Fevralın 26-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar “Xocalı: iddia müddəti bitmir” xatirə gecəsi təşkil edilib.

Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, İraq, Özbəkistan, Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, Fələstin səfirliklərinin əməkdaşları, habelə Rusiya elmi ictimaiyyətinin, Azərbaycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat işçiləri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq, keçən əsrin ən dəşhətli cinayətlərindən biri olan Xocalı faciəsindən danışıb. O, Xocalıda azərbaycanlıların soyqırımını dünyamiqyaslı böyük faciə adlandırıb.

Səfir Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsünü xüsusi vurğulayaraq deyib ki, bu qurumun gənclər qanadı Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda dünyanın bir neçə iri ölkəsində aksiyalar keçirir: “Bu, bir daha təsdiq edir ki, böyüməkdə olan nəsil Azərbaycanı bütün dünyada tanıdacaq və Azərbaycan xalqımızın üzləşdiyi faciələrin unudulmasına imkan verməyəcək”.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva isə çıxışında artıq 17 ildir Azərbaycan xalqının Xocalı faciəsi qurbanlarının xatirəsini bütün dünyada ehtiramla yad etdiyini xatırladıb: “Bu faciə Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Azərbaycanın Xocalı şəhərini tutmuşdur. Nəticədə şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, bu vəhşiliyin səbəbi nə idi? Bu, qəsdən törədilmiş aksiya, Azərbaycan xalqına qarşı əsl soyqırımı, kütləvi vahimələndirmə aksiyası idi. Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamışdır və heç vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törədilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasi-hüquqi və ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəddarlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın-köçkünlər üçün normal həyat şəraiti təmin edilmişdir”.

Heydər Əliyev Fondunun bu problemə çox böyük diqqət yetirdiyini deyən Leyla Əliyevanın sözlərinə görə, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edilir: “Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mədəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008-ci il mayın 8-də “Xocalıya ədalət” aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür”.

Leyla Əliyeva bu kədərli gündə xatirə gecəsinə gələnlərin hər birinə minnətdarlığını bildirib. O, faciənin şahidləri, gecənin keçirildiyi salonda olan Zaur Əliyevə və Anar Yusubova xüsusi təşəkkür edib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri çıxışının belə bitirib: “Doğma şəhərində bu faciə baş verəndə onlar lap uşaq idilər. Mən əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli yolla həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bu insanlar öz evlərinə, öz doğma torpaqlarına qayıda biləcəklər”.

Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiş, günahsız qurbanların işıqlı xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Səfirliyin foyesində fotosərgi təşkil edilib, Xocalı hadisələrinə dair müxtəlif nəşrlər, “İRS-Naslediye” jurnalının nüsxələri paylanıb. Jurnalın bu nömrəsində o qanlı qırğını törətmiş hərbi canilərin adları ilk dəfə dərc edilib.

Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.