Leyla Əliyeva “Son hədd” filminin təqdimatında iştirak edib
11/05/2016

Mayın 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Azərbaycanda böyük səhnədə ilk dəfə təqdim olunan “Son hədd” filmi Böyük Britaniyanın dəniz ətraf mühitinin mühafizəsi üzrə məşhur təşkilatı “Mavi Dəniz Fondu” (“Blue Marine Foundation”) tərəfindən çəkilib və IDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq ölkəmizdə nümayiş etdirilib.

Təqdimatdan əvvəl çıxış edən “Mavi Dəniz Fondu”nun layihələr üzrə direktoru Rori Mur dəniz ətraf mühitinin əhəmiyyəti və bu mövzuya həsr olunan filmin ərsəyə gəlməsi barədə məlumat verib.

Rori Mur IDEA İctimai Birliyi ilə “Mavi Dəniz Fondu” arasında əməkdaşlıq, o cümlədən dəniz ətraf mühitinin mühafizəsi və bərpası istiqamətində həyata keçirilən layihə barədə məlumat verib. O, dəniz faunasının qorunmasına göstərdiyi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Filmin təqdimatından sonra “Nizami” Kino Mərkəzində dəniz ətraf mühitinin mühafizəsi mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.