Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.
Moskva Dövlət Humanitar İqtisad Universitetinə gələn Leyla Əliyeva əvvəlcə tələbələrlə görüşüb. Sonra ali təhsil ocağının qonaqlarına universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov universitetin fəxri doktoru diplomunu və mantiyanı Leyla Əliyevaya təqdim edib.
Leyla Əliyeva Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında təhsil sahəsində və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı əməkdaşlığın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına və diplomuna layiq görülüb.
Leyla Əliyeva bu yüksək etimada görə təşəkkürünü bildirib:
- Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli və dəyərli əsərdir. İnanıram ki, həyatda heç nə təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır.
Bu ali məktəbin bütün müəllimlərinə ayrıca təşəkkür etmək istəyirəm, çünki siz bu işə can qoyursunuz, adi insanlarla müqayisədə siz həyata daha böyük dəyər verirsiniz. Hər şeydə gözəlliyi görmək bacarığınıza görə sağ olun. Bu gün biz videoda sizin qələbələrinizi gördük, onlar çox böyük qürur və heyranlıq hissinə layiqdir.
Heydər Əliyev Fondu öz fəal işini davam etdirir – bu, incəsənətə də, xeyriyyəçiliyə də, ekologiyaya da aiddir. Hazırda biz ekologiyaya xeyli vaxt həsr edirik, çünki həyatdan qiymətli, hətta bir yarpağın, bir böcəyin həyatından da qiymətli heç nə yoxdur. Nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsi üzrə böyük layihələrimiz var. Bilirəm ki, Rusiyada da bu sahədə çox iş görülür. Sizə təbiət qoynunda daha çox vaxt keçirməyinizi, həyatı qiymətləndirməyinizi, möcüzəyə inanmağınızı arzulamaq və sözlərimi bununla tamamlamaq istəyirəm ki, biz Bakıda da belə bir filial açmağı çox arzu edirik.
Leyla Əliyevaya universitet adından hədiyyələr təqdim olunub, tələbələrin sualları cavablandırılıb.
Sonda Leyla Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazıb.