Heydər Əliyev Mərkəzində tanınmış rəssam Corc Kondonun fərdi sərgisi açılıb

Video

Heydər Əliyev Mərkəzində tanınmış rəssam Corc Kondonun fərdi sərgisi açılıb

Heydər Əliyev Mərkəzində tanınmış rəssam Corc Kondonun fərdi sərgisi açılıb
16/06/2016

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından biri olan Corc Kondonun fərdi sərgisinin açılış mərasimi olub. Həmçinin mərkəzin parkında “I love Baku” incəsənət kompozisiyası açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzin parkında incəsənət kompozisiyası ilə tanış olub.

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə yeni bir layihənin təqdim edildiyini diqqətə çatdırıb. O, sərginin Heydər Əliyev Mərkəzində təşkil olunmasına rəhbərlik edən Leyla Əliyevaya, layihənin kuratoru Simon de Puriyə, “Qaleri Karaç”ın və Bakıda təqdim olunan Corc Kondo kolleksiyasının sahibi Andrea Karaça minnətdarlığını bildirib. Qeyd edilib ki, bu layihənin Bakıda həyata keçirilməsi üçün onun üzərində bütün kollektiv 2 il işləyib.

Sərginin açılış mərasimində çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq deyib: “Biz bu gün Birləşmiş Ştatlarda çoxşaxəli və ekstravaqant üslubu ilə seçilən rəssamın yaratdığı əsərlərdən ibarət sərginin açılışında iştirak edirik. Mən çox şadam ki, dünyada ən çox xoşladığım, pərəstişkarı olduğum rəssamın sərgisini biz məhz burada, belə gözəl, möhtəşəm bir binada keçiririk. Bildiyiniz kimi, bu binanın müəllifi öz əsərləri ilə inanılmaz zirvələri fəth etmiş memar Zaha Hadiddir. Biz artıq Heydər Əliyev Mərkəzində öz maraqlı əsərləri ilə seçilən Endi Uorhol, Riçard Dikon, Bernar Buffe və digər istedadlı rəssamların və heykəltəraşların sərgilərini təşkil etmişik”.

İlk dəfə olaraq Corc Kondonun işlərini özü üçün 5 il bundan əvvəl kəşf etdiyini deyən Leyla Əliyeva həmin vaxtdan etibarən rəssamın yaratdığı əsərlərə vurulduğunu bildirib: “Çünki o, yaratdığı bütün əsərlərində çox müxtəlif üslubları, insanların məhz ürəklərindən keçən hissləri, çox böyük, canlı həyatı, emosiyaları, müxtəlif hissləri təcəssüm etdirib. Bu əsərlərdə həm qəmginlik, həm xoşbəxtlik, həm qorxu, həm qəzəb, həm də dostluq hisslərini görmək mümkündür. Qeyd etmək yerinə düşər ki, Corc Kondo, ümumiyyətlə, sırf bir üslubda, istiqamətdə işləmir. Adətən onun əsərləri haqqında danışarkən daha çox kubizm, ekspressionizm üsullarından istifadə etdiyini söyləyirlər. Lakin biz onun əsərlərini seyr edərkən görürük ki, bu əsərlər bir çox müxtəlif çalarları əks etdirir. Bir tərəfdən ahəngdarlıq, digər tərəfdən məhz məxfilik, həmçinin reallıq, insanın xülyaları, müxtəlif rənglər və ümumiyyətlə, sehrli bir aləmin məqamları onun əsərlərində əksini tapır.

Əziz dostlar, bu gün axşam bizimlə olduğunuza görə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu sərginin təşkilində əməyi olan hər kəsə, həmçinin Andrea Karaça, onun rəhbərlik etdiyi qalereyaya minnətdarlığımızı bildiririk. Mən fürsətdən istifadə edərək ən yaxın dostlarımdan olan cənab Simon de Puriyə və onun xanımına təşəkkür edirəm. Yekun olaraq demək istəyirəm ki, bu gün Bakıda ürəyimdə tutduğum arzulardan biri həyata keçib. Biz bu gün Corc Kondonun əsərlərindən ibarət sərginin açılış mərasimində iştirak edirik. Buna görə də mən sizin hamınıza minnətdaram. Sizin hamınıza “çox sağ olun” deyirəm. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və məhəbbət arzulayıram”.

Sərginin kuratoru Simon de Puri il yarım əvvəl xanımı ilə Londonda səfərdə olarkən Leyla Əliyevanın təşkil etdiyi gözəl bir sərgidə iştirak etdiyini söyləyib: “Mövzusu ətraf mühit və ekologiya olan bu sərgidə Leyla Əliyeva ilə tanış olduq. Sərgidə nümayiş etdirilən əsərlər sırasında Corc Kondonun əsərləri də var idi. Söhbət əsnasında Leyla xanım bildirdi ki, məhz Corc Kondo bütün dünyada ən çox sevdiyi rəssamlardan biridir və biz belə bir qərara gəldik ki, Bakıda Corc Kondonun əsərlərinin sərgisinin təşkili yaxşı olardı. Çünki bizim özümüz də məhz Corc Kondonun pərəstişkarlarıyıq”. Vurğulanıb ki, bugünkü mərasimdə iştirak etmək onlara, həmçinin digər rəssamların əsərləri ilə tanış olmaq imkanı yaradır. Leyla xanım özü də rəssamdır. O, incəsənət sahəsinə çox bağlı bir insandır. Təsviri incəsənət sahəsinə vurğunluğu, biliyi ilə seçilir.

Andrea Karaç dünyada Corc Kondonun əsərlərindən ibarət kolleksiyanın sahibidir. O, uzun müddət ərzində bu kolleksiyanı yaradıb. Həmçinin Heydər Əliyev Mərkəzi XXI əsrdə yaradılmış ən gözəl binadır. Zaha Hadid özü də qeyd edirdi ki, onun bu layihəsi bütün karyerası boyu ən gözəl əsəridir. Bakı elə bir şəhərdir ki, öz dinamik həyatı ilə hər zaman seçilir. Burada hər zaman müxtəlif tədbirlər keçirilir. Bakı ən böyük təəssürat bağışlayan şəhərlərdən biridir.

Qonaq qeyd edib ki, 1960-cı illərin azərbaycanlı rəssamları Cavad Mircavadov, Rasim Babayev və başqalarının əsərləri Venesiya Biennalesində çox uğurla sərgilənib. Heydər Əliyev Mərkəzindəki sərgidə Corc Kondonun əsərləri ilə Azərbaycan rəssamlarının əsərləri arasında oxşarlığı görmək olar.

Simon de Puri sərginin təşkilinə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.

“Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən çox əsəri, o cümlədən rəsmləri, heykəltəraşlıq nümunələri yer alıb.

Sərgi noyabrın 6-dək davam edəcək.