İkinci İşgüzarlıq Sammitində Leyla Əliyevanın təşəbbüsü yüksək qiymətləndirilib
07/12/2011

Dekabrın 3-dən 6-dək İstanbulda “İşgüzarlıq, dəyərlər və inkişaf” adlı İkinci İşgüzarlıq Sammiti keçirilib.  İslam Konfransı Gənclər Forumundan bildiriblər ki, bu layihəyə ABŞ Prezidenti Barak Obamanın 2009-cu ildə məlum Qahirə çıxışından sonra start verilib və 2010-cu ildə ABŞ hökumətinin ev sahibliyi ilə birinci sammit keçirilib.

Bir sıra dövlətlərin nazirlərinin, ABŞ-ın vitse-prezidenti Corc Baydenin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun, o cümlədən 5 minədək qonağın iştirak etdiyi tədbirdə İƏT Gənclər Forumunun təşkilatçılığı ilə sammitin tərkib hissəsi olaraq “İnkişaf çağırışlarına yeni nəslin cavabı: İƏT Gənc İş Adamları Şəbəkəsi (ICYEN) – İƏT-in üzvü olan ölkələrdə gənc işgüzarlar üçün yeni platforma” mövzusunda xüsusi panel təşkil olunub. Panelin əsas mövzusu olan, İƏT Gənclər Forumunun və Azərbaycan hökumətinin təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda keçirilmiş beynəlxalq konfransda təsis olunan İƏT Gənc İş Adamları Şəbəkəsinin təqdimatı keçirilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Dünyanı dəyişə biləcək 10 gənc müsəlman” adlı beynəlxalq mükafatın təqdimatı keçirilib. Paneldə çıxış edən İƏT Gənclər Forumunun baş katibi səfir Elşad İskəndərov, SESRTCIC və Türkiyə Palatalar və Birjalar İttifaqını (MUSİAD) təmsil edən natiqlər Leyla Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndirib, mükafatın, həmçinin adıçəkilən şəbəkənin İƏT-in üzvü olan ölkələrdə gənclərin işgüzarlığının perspektivlərinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

Natiqlər, onu da bildiriblər ki, Gənc İş Adamları Şəbəkəsi İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla, onlar arasında biznes məlumat mübadiləsi aparmağa, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.

ABŞ Prezidentinin İƏT-in üzvü olan ölkələr üzrə xüsusi nümayəndəsi Rəşad Hüseynin də iştirak etdiyi tədbirdə Şəbəkənin dünya işgüzarlıq strategiyasının tərkib hissəsi olması haqqında qərarın Sammitin yekun qətnaməsinə salınması təklifi dəstəklənib.