Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib

Video

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
01/09/2016

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Bakının ev sahibliyi etdiyi bu mötəbər yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandada Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova yer alıblar. Üçüncü komandanın heyətində isə ölkəmizi Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova təmsil edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FIDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.