Sentyabrın 22-də Bolqarıstanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.
Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.
Şəhər ictimaiyyəti adından Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel Panov bu adın şəhərin ən ali mükafatı olduğunu söyləyib. Vurğulanıb ki, Mehriban Əliyevanın fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.
Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Tədbirdə çıxış edən Bolqarıstanın Baş naziri Boyko Borisov qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanın xristian ölkəsi Bolqarıstanda dini-mədəni abidəni bərpa etməsi bu ölkədə çox böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu bu abidəni bərpa etməklə bolqar xalqının 132 illik arzusunu reallaşdırıb.
XXX
Daha sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.
Mehriban Əliyeva fəxri doktor adına Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə layiq görülüb.
Universitetin rektoru Xristo Bondjolov qeyd edib ki, UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri olan Mehriban Əliyeva dünyanın, o cümlədən Avropanın mədəni irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına böyük töhfələr verib. Rektor Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələrdən danışıb.
Sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru mantiyası və diplomu təqdim olunub.
Xidmətlərini yüksək qiymətləndirdiklərinə görə minnətdarlığını bildirən Mehriban Əliyeva dedi:
- Hörmətli cənab rektor.
İcazə verin, mənim müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı ilə təltif edilməyimə görə sizə dərin təşəkkürümü bildirim. Bu, mənim üçün həqiqətən böyük şərəfdir. Mən müəllimlər ailəsində, bütün həyatlarını elmə həsr etmiş insanların ailəsində böyümüşəm. Buna görə də həyatlarını gənc nəslə elm, bilik öyrətmək işinə həsr etmiş insanlara çox dərin hörmət bəsləyirəm. Universitetin bütün professor-müəllim heyətinə mənim dərin təşəkkürümü çatdırın.
Bu gün heç kəs üçün sirr deyil ki, hər hansı dövlətin uğuru onun gənc nəslinin nə dərəcədə savadlı, bilikli olması ilə müəyyən edilir. Məhz insan potensialı, elmi potensial, məhz inkişaf etmiş, savadlı gənc nəsil ölkənin gələcəkdə öz layiqli yerini tutmasına zəmanət verir. Bu biliyi, bu nuru siz müəllimlər, professorlar verirsiniz. Gənc nəslə biliklər verən, ona həyat vəsiqəsi verən sizsiniz. Mənə bu yüksək adı verməyi qərara almağınız məni dərindən təsirləndirib və bu adı müəyyən dərəcədə avans kimi qəbul edirəm. Çünki bu ada layiq olmaq üçün mən hələ çox iş görməliyəm.
Sağ olun ki, mənim fəaliyyətimi bu cür yüksək qiymətləndirmisiniz. Mən əminəm ki, biz birlikdə bu sahədə, məhz təhsil sahəsində Azərbaycanın naminə, Bolqarıstanın naminə hələ çox iş görə bilərik. Qəlbinizin hərarətinə görə sizə bir daha təşəkkür edirəm. Çox mütəəssir olmuşam. Çox sağ olun.
XXX
Mehriban Əliyeva bu nüfuzlu ali təhsil ocağının Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonda xatirə şəkli çəkdirilib.
XXX
Sentyabrın 22-də Mehriban Əliyeva və Leyla Əliyeva Veliko Tırnovo şəhərində Bolqarıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə keçirilən işıq şousuna baxıblar. Xüsusi işıq effektləri ilə yaradılan şou atəşfəşanlıqla başa çatıb.
Həmin gün Bolqarıstanın Baş naziri Boyko Borisovun adından Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.