Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə iştirak edib
27/10/2016

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva çıxışında qeyd edib ki, bu tədbir dünyanın diqqətini aclıq və ərzaq təhlükəsizliyi kimi çağırışlara cəlb etmək üçün böyük imkandır. Builki ərzaq gününün mövzusuna toxunan Leyla Əliyeva vurğulayıb ki, FAO-nun xoşməramlı səfiri və ətraf mühitin qorunması sahəsində yorulmaz fəal, ən əsası dünyanın sakini kimi bu məsələyə çox həssas yanaşır. “Dəyişən iqlimin yeni reallığı ilə əlaqədar biz ərzağı istehsal və istehlak etməyimizin tərzini əsaslı şəkildə dəyişməliyik”, - deyən Leyla Əliyeva Paris İqlim Sazişinin və 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf Gündəliyinin əhəmiyyətini vurğulayıb.

“Əgər biz tədricən artan dünya əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, kənd təsərrüfatında dayanıqlılıq, məhsuldarlıq və davamlı inkişafa nail olmalıyıq”, - deyən Leyla Əliyeva iqlim dəyişikliyinin ekosistemə və kənd əhalisinə daha çox təsir etdiyini söyləyib. Bu mənada, kənd təsərrüfatı sistemlərini dəyişdirmək və onlara yeni istiqamət vermək üçün FAO-nun iqlim əsaslı ağıllı kənd təsərrüfatı yanaşmasının bütün dünyada tətbiqinin vacibliyini qeyd edib. IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən beş ildə görülən tədbirlərdən danışılıb, ərzaq təhlükəsizliyi və ətraf mühitin qorunmasında xüsusi əhəmiyyət kəsb edən yeni layihə barədə məlumat verilib.

“Dəniz mühitini yaşatmağa və ondan asılı olan kənd icmalarına yardım göstərilməsinə töhfə vermək məqsədilə göstərdiyimiz səylər sayəsində IDEA bu yaxınlarda Kür çayının deltasının çoxtərəfli təmizlənməsi layihəsini irəli sürüb. Bu layihə nəyə görə çox vacibdir? İlk olaraq onu bildirmək istərdim ki, Kür qərb sərhədlərimizdən başlayaraq Xəzər dənizinə qədər təxminən min kilometri qət edir və onun sahillərində yaşayan insanların həyatı üçün böyük əhəmiyyət daşıyır. Bundan əlavə, Kür çayı dünyada ən qədim və nadir balıq növü olan Xəzər nərə balığının artmasının əsas sahəsidir”.

Yeni layihənin ətraf mühit və yerli əhali üçün faydalı olacaq balıq ehtiyatlarının, suyun keyfiyyətinin və bütövlükdə ekologiyanın yaxşılaşdırılması məqsədini güddüyü bildirilib, ərzaq çatışmazlığından çox sayda insanın əziyyət çəkdiyi, bunun QİÇS, malyariya və vərəm kimi xəstəliklərin ümumi sayından daha çox insanı tələf etdiyi vurğulanıb.

Sonda Leyla Əliyeva deyib: “İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış ediblər.

Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomesajı nümayiş olunub.

Tədbir “İqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və kiçik ailə təsərrüfatları” mövzusunda panel müzakirələrlə davam edib.