Nat Geo Wild: Qafqaz bəbirinin qorunması üçün ciddi addımlar atılıb
13/12/2016

Nat Geo Wild telekanalı Qafqaz bəbiri ilə bağlı film hazırlayıb. Fotoqraf və rejissor Adrian Stern bunun üçün Azərbaycanda çəkilişlər aparıb. Ekspedisiyanın məqsədi çox nadir yırtıcı olan Qafqaz bəbirini lentə almaq olub.

Azərbaycandan hazırladığı 44 dəqiqəlik filmdə Adrian Stern ölkəmizə ekspertlər qrupu ilə səyahət etdiyini bildirir. O, qrupa afrikalı məşhur ləpirçinin, rusiyalı alimin, yerli “bəbir insan” Babaxanın və digərlərinin daxil olduğunu diqqətə çatdırır.

Adrian Stern Azərbaycana ilk dəfə səfər etdiyini, paytaxtımızın müasir görünüşünün və gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirir: “Azərbaycan haqqında heç nə eşitməmişdim. Deyilənlərə görə, bu ölkədə Avropada nəsli kəsilmək üzrə olan bəbirlər yaşayır. Ümid edirəm ki, yerli əhali mənə bəbirləri tapmaqda kömək edəcək”, - deyə Adrian Stern qeyd edir.

Filmdə Adrian Stern Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşdüyünü, ekspedisiyaya haradan başlamaq haqqında məlumat aldığını deyir. O, Hirkan Milli Parkında müxtəlif yerlərdə kameralar quraşdırdıqlarını, çətin də olsa Qafqaz bəbirlərinin görüntülərini əldə edə bildiklərini vurğulayır.

Filmdə diqqətə çatdırılır ki, Azərbaycanda ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlər görülür. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə görüşən yaradıcı heyətə bəbirlərin populyasiyasının bərpası ilə bağlı görülən işlər barədə məlumat verilib. Leyla Əliyeva IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə bəbirlərin populyasiyasının bərpası üçün layihə həyata keçirildiyini diqqətə çatdırıb. “Bəbir ölkəmizin qiymətsiz xəzinəsidir. IDEA-nın köməyi ilə biz bəbirləri qoruya, digər ölkələri və təşkilatları onların mühafizəsinə cəlb edə biləcəyik. Bizim əsas məqsədimiz bu bəbirləri xilas etməkdir”, - deyə Leyla Əliyeva bildirib.