Dekabrın 16-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə tədbirdə çıxış ediblər.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun “Vətən” vokal-simfonik poeması və “Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq Artisti Rauf Abdullayev idarə edib.