Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Mərkəzdə yenidənqurma işlərinə 2015-ci ildən başlanıb.

Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə 3 şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir.

Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edəcək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərəcəklər.

Mərkəzin həyətində geniş yaşıllaşdırma işləri görülüb, uşaqlarım təmiz havada gəzinti və istirahəti üçün bütün şərait yaradılıb.

Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.