Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.
Konfransda Leyla Əliyeva iştirak edib.
Konfransa parlament üzvləri, hökumət təmsilçiləri, Londondakı diplomatik korpusun nümayəndələri, Britaniyanın anqlikan, yəhudi və müsəlman icmalarının fəalları da qatılıblar.
İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Piter Freyzer konfransın mövzusunun əhəmiyyəti barədə danışdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın tolerantlıq modelinin Avropada tanıdılması təşəbbüsünü yüksək qiymətləndirən Piter Freyzer konfransın bu sahədəki gələcək fəaliyyətin uğurlu başlanğıcı olduğunu bildirdi.
Britaniyanın “Odlar Yurdu” təşkilatının sədri İlham Nağıyev Azərbaycanda dini tolerantlıq sahəsində əldə edilmiş uğurların Avropa üçün nümunə ola biləcəyini vurğuladı. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə müzakirə olunan mövzunun Azərbaycan və Avropanın digər ölkələri ilə təcrübə mübadiləsi çərçivəsində vacib rol oynaya biləcəyini önə çəkdi.
London konfransının tolerantlıq mövzusunda Azəraycandan xaricdə ilk dəfə belə nüfuzlu səviyyədə keçirilən tədbir oldugunu vurgulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov qeyd etdi ki, konfransın digər özəlliyi ölkəmizin dinlərarası dialoq sahəsindəki təcrübəsinin Avropada multikulturalizm diskussiyası kontekstində müzakirə olunmasıdır. O, məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin müzakirəsinin xüsusi önəm daşıdığını vurğuladı.
İslam Konfransı Gənclər Forumunun mədəniyyələrarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda məruzə ilə çıxış etdi. O, müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsasları, bu sahədə mövcud olan elmi yanaşmalar barədə danışdı. Leyla Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğuladı. O, dini tolerantlığın Azərbaycandakı dərin kökləri, tarixi və bu sahədə hazırkı durum barədə məlumat verdi.
Konfransın birinci plenar iclasında çıxış edən tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər dokrtoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçısı Elçin Əsgərov Azərbaycanda islamın, yəhudiliyin, və xristianlığın tarixi barədə məruzələrlə çıxış etdilər.
Plenar iclasda məruzələrini təqdim edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimi, fəlsəfə elmləri doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi, Avropa Yəhudilərinin Bakı dini icmasının üzvü Yevgeni Brenneysen, “Həyat Sözü” protestant icmasının başçısı Rasim Xəlilov, habelə Alban-udin xristian icmasının sədri Robert Mobili çıxışlarında Azərbaycanda dövlət - din münasibətləri sahəsində, xüsusən dini azadlıqların təminatında olduqca gözəl şəraitin yarandığını bildirdilər, dini icmaların sərbəst fəaliyyəti kimi məsələlərə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladılar.
Qafqazın ilk xristian icması olan tarixi Alban kilsəsindən bəhs edən Robert Mobili bildirdi ki, tarixi ədalətsizlik nəticəsində Azərbaycan xalqının tarixinin bir parçası olmuş bu kilsə ləğv edilib və onun irsi erməni millətçiləri tərəfindən dağıdılıb. Natiq hazırda erməni işğalı altında olan Azərbaycan torpaqlarında Alban kilsəsinin irsinə məxsus 67 dini məbədin olduğunu bildirdi, başçılıq etdiyi icmanın tarixi Alban kilsəsinin bərpası istiqamətində fəaliyyətinə dünya ictimaiyyətinin dəstəyinə ümid bəslədiyini vurğuladı.
Azərbaycanda dinlərarası dialoq modelinin Avropa üçün önəm daşıdığını vurğulayan məruzəçilər və xarici iştirakçılar bu münasibətlərin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə ölkəmizdə dinlərarası dialoq və tolerantlıq mərkəzinin yaradılması təklifini irəli sürdülər.
Həmin gün axşam konfransın qonaqları Londonun “Bakı” Mədəniyyət Mərkəzində DQİDK-in dəstəyi ilə təşkil edilmiş “Azərbaycan – mənəvi ənənələr və tolerantlıq məkanı” adlı foto sərgi ilə tanış oldular.