Prezident İlham Əliyev və ailə üzvləri Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər

Video

Prezident İlham Əliyev və ailə üzvləri Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər

Prezident İlham Əliyev və ailə üzvləri Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər
18/03/2017

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Bakıda keçirilən V Qlobal Bakı Forumunun yüksək səviyyəli iştirakçıları da Novruz şənliyinə qatılıblar.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Bahar qız Azərbaycan Prezidentinə Novruz xonçası təqdim etdi, dövlətimizin başçısına və xanımına bayram münasibətilə təbriklərini çatdırdı.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəldilər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.

Dövlətimizin başçısı, xanımı, xarici qonaqlar və ümumxalq şənliyinin digər iştirakçıları “Novruz” yarmarkası ilə tanış oldular.

Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən stendlər Milli Parkda təşkil olunan bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də yer almışdı.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə, Azərbaycan xalçalarına baxdılar, pəhləvanların, güləşçilərin çıxışlarını izlədilər, aşıqların, “Nənələr”, “Rəfti” özfəaliyyət kollektivlərinin, “Natiq” ritm qrupunun, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının kollektivinin ifalarını dinlədilər.

Dövlətimizin başçısına və xanımına “İctimai Wi-Fi” layihəsi barədə təqdimat nümayiş olundu.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qonaqlar burada Formula-1 yarışlarının bolidinə baxdılar.

Dövlətimizin başçısına və xanımına IV İslam Həmrəyliyi Oyunlarının ilk biletləri təqdim olundu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionları, Formula-1 Azərbaycan Qran-Prisinin və IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə görüşdülər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın yüksək səviyyəli qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.