“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib

Video

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib
05/04/2017

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud ilə görüşüblər.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başlayıb.

Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Sonra Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış edib.

Daha sonra mərasim bədii hissə ilə davam edib.

Ustad xanəndələr Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında Azərbaycan və dünya musiqisinin şah əsəri olan muğam təqdim edilib.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir.

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

Sonra uşaqlar səhnəyə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq.

Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək.

Beləliklə, səyahət başlayıb. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Sonda möhtəşəm atəşfəşanlıq olub.