Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına MDU-nun qlobal proseslər fakültəsi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyəti tərəfindən təşkil edilib. 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar keçirilmiş konfransda görkəmli Rusiya və Azərbaycan alimləri iştirak ediblər.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun konfrans zalında keçirilmiş tədbiri açan institutun direktoru, akademik Əbdüsəlim Hüseynov konfransı əlamətdar hadisə adlandırıb, müzakirəyə çıxarılan qlobal məsələlərin aktuallığını vurğulayıb.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan xalqının 15 iyun tarixini Milli Qurtuluş günü kimi qeyd etdiyini xatırladıb: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə qarşılaşdı. İqtisadi tənəzzül keçirən, Ermənistan tərəfindən hərbi müdaxiləyə məruz qalan Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Çoxdan gözlənilən müstəqillik təhlükə qarşısında qalmışdı. Yalnız Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı vəziyyəti kökündən dəyişdirməyə imkan verdi, suveren Azərbaycan dövlətinin əsası qoyuldu. Heydər Əliyev bütün ömrünü öz ölkəsinə, Vətəninə həsr etmişdi, onun müdrik siyasəti sayəsində Azərbaycan bu gün inkişaf edir və çiçəklənir. Azərbaycan iqtisadi inkişaf sürətinə görə bir neçə ildir ki, lider mövqeyindədir, ölkədə nəqliyyat, energetika sahələri üzrə iri regional layihələr həyata keçirilir, sosial problemlər həll olunur. Bir sözlə, həyatın bütün sahələrində inkişaf aydın hiss edilir.
Bu gün Heydər Əliyev cismən aramızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, ümummilli liderin bütün həyatını həsr etdiyi iş, onun ideyaları yaşayır, bu il yaradılmasının beş ili tamam olmuş Heydər Əliyev Fondu yaşayır. Bu dövr ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının demək olar ki, bütün təbəqələrinin etimadını və dəstəyini qazanmışdır. Bu gün Fond təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və təməli Heydər Əliyev tərəfindən qoyulmuş xeyirxah işləri davam etdirir.
Mənim üçün xoşdur ki, qloballaşan dövrdə mədəniyyətlərin qarşılıqlı təsiri mövzusunda keçirilən bugünkü konfrans Heydər Əliyevin xatirəsinə həsr edilmişdir. Nadir geosiyasi mövqeyə malik, Qərblə Şərq arasında əsl körpü olan və qədim İpək Yolunda yerləşmiş Azərbaycan, həm Şərq və həm də Qərb mədəniyyətini özündə əks etdirir. Xalqımız əsrlər boyu tolerantlıq və dözümlülük ruhunda tərbiyə edilmişdir. Biz adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda dünya ölkələrinin bir-birindən fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyirik. Bu gün kifayət qədər mükəmməl dünya birliyində Azərbaycan tolerantlıq nümunəsi ola bilər. Bugünkü mövzu – qloballaşma mövzusu kifayət qədər genişdir və birmənalı deyildir. Şübhə doğurmayan yalnız odur ki, müasir dünya inteqrasiya edir və qloballaşma dünyanın demək olar bütün ölkələrinə və xalqlarına təsir göstərir. Əminəm ki, bugünkü konfrans çox maraqlı və səmərəli olacaqdır. Sevindirici haldır ki, konfrans Azərbaycanın milli bayramı ilə eyni vaxta düşmüşdür və mən bunda rəmzi xarakter və xoş məna görmək istərdim. Bütün iştirakçılara konfransın işində uğurlar arzulayıram”.
Qırğızıstanın sabiq prezidenti, REA-nın xarici üzvü, MDU-nun professoru Əsgər Akayev “Şəxsiyyət fenomeni mədəniyyətlərin əbədi inkişaf amili və qarşılıqlı təsiri kimi” mövzusunda məruzə edib. Ə.Akayev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevin xatirəsinə Rusiya paytaxtında böyük elmi konfransın keçirilməsini əlamətdar hadisə adlandırıb. O, bildirib ki, Heydər Əliyevin həyatında çox şey Moskva ilə bağlı olub. Burada o, güclü dəstək alıb, siyasi və dövlət fəaliyyətində yüksəlib. Elə buradaca sonuncu sovet rəhbərlərinin ikiüzlülüyü və ədalətsizliyi ilə qarşılaşıb. Heydər Əliyev bu çətinlikləri ona xas olan insani və vətəndaş dəyanəti ilə qarşılayıb və doğma respublikaya qayıtdıqdan sonra qüvvəsini, istedadını və biliyini bütünlüklə dövlət müstəqilliyi yoluna qədəm qoymuş Azərbaycan xalqına həsr edib. Heydər Əliyev şəxsiyyətinin miqyası o qədər geniş idi ki, onun intellektual və insani keyfiyyətləri Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda tanınmış, beynəlxalq aləmdə qiymətləndirilib: “Mənə Heydər Əliyevin müstəqil Azərbaycanı idarə etdiyi 10 il ərzində onunla dəfələrlə görüşmək xoşbəxtliyi nəsib olmuşdur. Mən ilk görüşümüzdə onun parlaq şəxsiyyətinin təsirinə düşmüşdüm. MDB ölkələrinin prezidentləri öz aralarındakı münasibətlərdə bərabərlik prinsipini rəhbər tutsalar da, şəxsən mən Heydər Əliyevə tamamilə başqa münasibət bəsləyirdim. Mən Heydər Əliyevi onun taleyinə düşən əzablı yolları və şəxsi iztirabları şərəflə dəf edən müdrik və uzaqgörən ağsaqqal kimi qəbul edirdim. Heydər Əliyevin ətrafında MDB-nin siyasi, dövlət elitasında layiq olduğu əsl hörmət və ehtiram mühiti yaranmışdı. Bizim ölkələrimizi çox şeylər birləşdirir. Biz Mərkəzi Asiyada daim Bakının möhkəm dəstəyini və dost köməyini minnətdarlıqla hiss edirdik.
Heydər Əliyev mənim xatirimdə dərin ensiklopedik biliyə malik insan, bədii istedadların mahir hamisi kimi qalmışdır. Azərbaycan ədəbiyyatı, incəsənəti və memarlığının əsl intibahı onun adı ilə bağlıdır. Heydər Əliyevin şəxsiyyəti xalqlarımızın dostluğunun, milli mədəniyyətlərimizin əbədi əlaqələrinin təcəssümü idi. Həm sovet və həm də postsovet dövründə Heydər Əliyevin həyatının mənası və məqsədi yalnız yaratmaq idi. O, ölkəsini hərtərəfli coşqun inkişaf yoluna çıxarmış, kiçik respublikanı energetika dövləti səviyyəsinə yüksəltmiş, Azərbaycanın siyasi təsiri regional çərçivədən çıxaraq beynəlxalq əhəmiyyətə malik olmuşdur. O, öz xalqına zəngin irs qoymuşdur və belə oğulları yetirən ölkə daim bəxtiyar olacaqdır. Heydər Əliyevin işinin istedadlı davamçısı Prezident İlham Əliyev də onun varisidir”.
Konfransda MDU-nun fakültə dekanı, tarix elmləri doktoru Georgi Alekseyev, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, MDU-nun qlobal proseslər fakültəsinin dekanı İlya İlin, RF hökuməti yanında Moskva Turizm Akademiyasının kafedra müdiri Olqa Çistyakova, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov, RF XİN Diplomatiya Akademiyasının kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor Konstantin Dolqovun və digər alimlərin çıxışları dinlənilib. Konfransda qloballaşmanın müxtəlif cəhətləri və bu anlayışın müasir konteksti, milli-mədəni müxtəliflik və mədəniyyətlərin qarşılıqlı təsiri, şəxsiyyətin tarixdə rolu və digər məsələlərə toxunulub.
Sonda iştirakçılar işçi qaydada qətnamə qəbul ediblər. Qətnamədə mövzunun aktuallığı və əhəmiyyəti vurğulanıb, hər il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Əliyev qiraətlərinin, habelə sosial-siyasi, fəlsəfi qiraətlərin keçirilməsi təklif olunub.
Konfransda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, AMEA, ÜAK və gənclərin nümayəndələri iştirak ediblər.