Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib
25/04/2017

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada RAGB-nin fəalları iştirak ediblər.

MDU-nun Botanika bağında yaradılmış dərman bitkiləri bölməsinə Leyla Əliyevanın adından zeytunkimilər fəsiləsindən olan Birgöz, həmçinin Yapongülü və s. dərman kolları hədiyyə edilib. Azərbaycanda geniş yayılmış bu bitkilərdən xalq təbabətində istifadə olunur.

Rusiya hökumətinin dəstəyi ilə 2013-cü ildə yaradılmış dərman bitkiləri bölməsində dünyanın bir çox ölkələrindən gətirilmiş dərman kolları və bitkiləri əkilir, yeni landşaft kompozisiyası yaradılır. Burada xalq təbabətində geniş istifadə olunan bitkilərlə yanaşı, nadir bitki və kol növlərinə də rast gəlinir.