Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Tio ilə görüşüb.
Görüşdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yerli və regional səviyyədə görülən işlər, irəli sürülən təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Qarşıdan gələn BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə toxunulub, tədbirin çirklənmə mövzusuna həsr edilməsinin təqdirəlayiq olduğu, müasir dünyada bu problemin yaratdığı təhlükənin ciddiliyi qeyd edilib. Leyla Əliyeva rəhbərlik etdiyi IDEA kampaniyası tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması, təkrar emal və tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə və tədbirlər haqqında danışıb, Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi, xüsusən də nəsli kəsilmək təhlükəsi altında olan nərə balığının qorunması üzrə səyləri, o cümlədən bu balığın artması üçün vacib olan Kür çayının deltasının təmizlənməsi layihəsi haqqında danışılıb.
IDEA-nın təbiətin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən İbrahim Tio bildirib ki, UNEP Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər ilə sıx əməkdaşlığa önəm verir.
UNEP və IDEA-nın əsas məqsəd və vəzifələrinin üst-üstə düşdüyünü nəzərə alaraq, tərəflər əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətində olduqlarını vurğulayıblar.
Görüşün sonunda Leyla Əliyeva UNEP-in icraçı direktoru Erik Solxeymi Azərbaycana səfərə dəvət edib.