Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə RAGB-ın II Universiadasına start verilib. Rusiyanın ali məktəblərindən 500-dən çox tələbə yarışlarda birincilik uğrunda mübarizə aparacaq. Rusiya ali məktəbləri arasında ən nüfuzlu tələbə idman yarışlarından biri olan Universiadanın proqramına stritbol, voleybol, marafon, stolüstü tennis daxildir.
Stritbol və voleybol üzrə yarışlar keçirilib. Stritbol yarışlarında Rusiya Dövlət İdarəçilik Universitetinin və Moskva Şəhər Pedaqoji Universitetinin komandaları müvafiq olaraq I və II yerə, Rusiya Xalqlar Dostluğu Universitetinin stritbolçuları isə III yerə çıxıblar. Moskva Şəhər Pedaqoji Universitetinin tələbəsi Vladislav Kamalov ən yaxşı oyunçu hesab edilib.
Qadın voleybolunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin komandası I yeri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri II yeri, Rusiya Federasiyası Hökuməti yanında G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin qarışıq komandası III yeri tutub. Aynur Quliyeva (MDU) və Səbinə Kazımova (Moskva Şəhər Pedaqoji Universiteti) ən yaxşı oyunçu adına layiq görülüblər.
Kişilər arasında keçirilən yarışın qalibi isə Rusiya Dövlət İdarəçilik Universitetinin komandası olub. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin və Moskva Şəhər Pedaqoji Universitetinin komandaları II və III yerləri bölüşüblər.
İdman yarışları ənənəvi olaraq mayın 13-də Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri ilə başa çatacaq.