Leyla Əliyevanın adından Moskvada iftar süfrəsi təşkil edilib
31/05/2017

Moskvadakı Poklonnaya Qorada Rusiya Müftilər Şurası tərəfindən inşa edilmiş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan Günü təşkil edilib və iftar verilib.

İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və axşam duası oxuyub.

Moskva müftisinin müavini Marat-Həzrət Arslanov müxtəlif millətlərdən olan müsəlmanların toplaşdığı tədbirə gələnləri salamlayıb və bu iftarın təşkil edilməsinə görə onların adından Heydər Əliyev Fonduna, şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib. Onun sözlərinə görə, artıq 12-ci ildir ki, Poklonnlaya Qorada “Ramazan çadırı” açılır və Azərbaycan Respublikası, Heydər Əliyev Fondu hər il bu tədbirdə iştirak edir.

Marat-Həzrət Arslanov deyib: “Bu gün əla gündür, günəşli havadır, elə bil Azərbaycanın bir hissəsi qısa müddətə Moskvaya gəlib. Fürsətdən istifadə edib, mənəvi ənənələrin və dini mədəniyyətin dəstəklənməsində iştirakına görə Heydər Əliyev Fonduna təşəkkür etmək istəyirəm”.

O, üzərində Qurandan ayələr yazılmış dekorativ narı Müftilər Şurası adından Heydər Əliyev Fondunun nümayəndəsi Ayan Həsənovaya təqdim edib və bu hədiyyəni ən xoş arzularla Leyla Əliyevaya çatdırmağı xahiş edib.

Sonra Moskva müsəlmanları oruclarını açaraq Azərbaycan milli xörəklərinin nümunələrini və şirniyyat növlərini dadıblar.

İftar mərasimində Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, “Baku” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nümunələri səslənib, Azərbaycan barədə ən yaxşı bilik viktorinası keçirilib. Tədbir iştirakçıları Azərbaycanın tarixinə və dövlət rəmzlərinə aid suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə iştirak edir, dindarlar üçün iftar təşkil edir.