Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
“Jara” Beynəlxalq Musiqi Festivalının üçüncü günündə qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.
Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının “İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?” sualını cavablandıraraq deyib: “Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.
Bundan əvvəl “Jara-2017” festivalının üçüncü gününün qırmızı xalı üzərindən keçən iştirakçıları jurnalistlərin suallarını cavablandırıb, Bakı və festivalla bağlı təəssüratlarını bölüşüblər.
Qırmızı xalı üzərindən keçiddə Yuliya Lısenko və Slava Nikitin aparıcılıq ediblər.
Xatırladaq ki, “Jara”da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr olunub.