Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr edilən tədbirdə iştirak edib

Video

Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr edilən tədbirdə iştirak edib

Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr edilən tədbirdə iştirak edib
16/10/2017

Oktyabrın 16-da ADA Universitetində IDEA İctimai Birliyi, Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunan tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva tədbirdə iştirak edib.

Bu il Ümumdünya Ərzaq Günü “Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” mövzusuna həsr olunub.

Əvvəlcə Leyla Əliyeva ADA Universitetində Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyət istiqamətlərinə aid nəşrlərin nümunələri, kataloq və bukletlərdən ibarət sərgi ilə tanış olub.

Tədbir Ümumdünya Ərzaq Gününə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Leyla Əliyeva tədbirdə çıxış edib.

Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkişafının dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amil olduğunu diqqətə çatdırıb, bu sahədə mövcud problemlərin isə münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini bildirib.

“2030-cu il Davamlı İnkişaf üzrə Gündəliyin ilk iki məqsədi məhz yoxsulluq və aclığa son qoyulmasını nəzərdə tutur. Bu, ümumi anlayışı ifadə edir ki, məhz həmin hədəflərə çatmadan biz sülhsevər, inklüziv və davamlı cəmiyyətlər qura bilmərik. Qurduğumuz cəmiyyətlərdə insanlar sağ qalmaq üçün öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalmamalı, bu, onların öz seçimi olmalıdır. Miqrant axını qeyri-bərabər inkişafla sıx şəkildə əlaqəlidir. Dünya əhalisinin demək olar ki, yarısı və dünyadakı yoxsulların 75 faizi kənd yerlərində yaşayır və kənd təsərrüfatından asılıdır. Buna görə də təkcə kəndlərin inkişafına investisiya yatırmaqla biz milyonlarla insanın bu ərazilərdən getməsinin qarşısını ala bilərik. Bununla belə, miqrasiyanın gələcəyini dəyişdirmək o demək deyil ki, biz sadəcə olaraq kənd təsərrüfatının hər hansı formada inkişafına hədəflənməliyik. Yalnız iqlim əsaslı ağıllı kənd təsərrüfatına investisiya yatırmaqla biz kəndlərin inkişafını dəyişdirə və onu daha davamlı edə bilərik”, - Leyla Əliyeva deyib.

IDEA İctimai Birliyinin fəaliyyəti, ötən altı ildə görülən işlər, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdən danışılıb: “Son 6 il ərzində biz bir çox layihələr həyata keçirmişik və yaxşı nəticələr əldə etmişik. Bəzi layihələrimizə Azərbaycanda 5 milyon ağac əkilməsi, nəsli kəsilmək təhlükəsi altında olan heyvanların qorunması, elmi laboratoriyaların yaradılması, şagirdlər və tələbələr üçün dərslərin təşkili, kitabların çap edilməsi və ətraf mühitlə bağlı məlumatlılığı artırmaq üçün müxtəlif sərgilərin təşkili daxildir. Əlbəttə ki, biz bütün layihələrimizə çox kreativ şəkildə yanaşmağa çalışmışıq. Lakin biz anlayırıq ki, zaman əleyhimizə işləyir və indi hərəkətə keçmək çox vacibdir.

Bu gün mən sizə IDEA-nın xüsusilə ərzaq təhlükəsizliyi, kəndlərin inkişafı, eyni zamanda, ətraf mühit məsələləri ilə bağlı olan bir neçə layihəsi barədə daha çox məlumat vermək istərdim. Bir neçə ay əvvəl FAO ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonunda aztəminatlı Azərbaycan vətəndaşları üçün meyvə bağlarının salınması üzrə birgə layihəyə start verildi. Mən məmnunam ki, təkcə üç gün bundan əvvəl, biz Şəmkir rayonunda bu layihənin həyata keçirilməsinə uğurla başladıq. Yaxın bir neçə həftə ərzində biz Azərbaycanın daha yeddi rayonunda bu layihəyə başlamağı planlaşdırırıq və ümidvarıq ki, gələcəkdə ölkənin digər ərazilərini də əhatə edəcəyik. Məqsəd aztəminatlı ailələrin rifahını yaxşılaşdırmaq və onlara davamlı şəkildə gəlir əldə etməyə kömək göstərməkdir.

Ətraf mühitin vəziyyətinə töhfə vermək, eləcə də ondan asılı olan kənd icmalarına yardım etmək üçün daha bir səy göstərərək ötən il IDEA Kür çayının deltasının təmizlənməsi üzrə çoxaspektli layihənin icrasına başladı. Bu layihə balıq ehtiyatları, suyun keyfiyyəti və bütünlükdə, çayətrafı ərazilərdə ekologiyanın yaxşılaşdırılması məqsədi daşıyır.

Bu gün bizim dünyaya güclü mesaj göndərmək imkanımız var: Miqrasiyanın gələcəyini dəyişin - ərzaq təhlükəsizliyi və kəndlərin inkişafına investisiya yatırın. Mən inanıram ki, birlikdə hərəkət edərək biz böyük dəyişikliyə nail ola, həmçinin özümüzü dəyişdirməklə hər birimiz dünyaya böyük təsir edə bilərik”.

Kənd təsərrüfatı naziri Heydər Əsədov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak tədbirdə çıxış ediblər.

Sonra FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın Ümumdünya Ərzaq Gününə dair videomüraciəti nümayiş olunub.

Daha sonra “Azərbaycanda aztəminatlı ailələr üçün meyvə bağlarının salınması” layihəsinə dair videoçarx təqdim edilib.

Tədbir “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələri ilə davam edib.