Oktyabrın 28-də Moskvada, “Yunost” mehmanxanasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın və Rusiya regionlarının ali təhsil məktəblərinin azərbaycanlı birinci kurs tələbələri ilə görüşü olub.
Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlaması münasibətilə onları təbrik edərək bildirib ki, Rusiya ali məktəblərində təhsil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü başlanğıc, əsaslı bazadır. O, deyib ki, təkcə təhsil prosesi deyil, öz nəslinin nümayəndələri ilə ünsiyyət, dostluq, həmrəylik, dostların və mehriban insanların dəstəyini və qayğısını hiss etmək də vacibdir. RAGT-ın məhz bu məqsədlə yaradıldığını xüsusi vurğulayan Leyla Əliyeva, qurumun Rusiyanın 60 regionundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı söhbət açıb.
Gənclər təşkilatının başçısı RAGT-ın fəal və uğurlu iş apardığını bildirib: “Gənclərimizin ünsiyyət saxlamaları, müsabiqələrdə iştirak etmələri, maraqlı xəbərlərin müzakirələrinə qatılmaları üçün qurumun saytı yaradılmışdır. RAGT Rusiya ali məktəblərinin rəhbərliyi ilə yaxından əməkdaşlıq edir. Onların əksəriyyətində, özü də təkcə Moskvada deyil, Rusiyanın bir çox regionlarında da azərbaycanlı tələbə klubları artıq fəaliyyət göstərir və açılmaqdadır. Hərəkatımız daim inkişaf edir, dostlarımızın və məsləkdaşlarımızın sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini, milli ənənələrini layiqincə təmsil etmələrinə nail olmaqdır”.
Leyla Əliyeva hər il Rusiyanın bir çox ali məktəblərində Azərbaycan mədəniyyəti və tolerantlıq günləri, həftələrinin, konfransların keçirildiyinə, konsertlərin, fotosərgilərin təşkil olunduğuna diqqət çəkib. O, RAGT-ın hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirdiyini də xatırladıb.
RAGT-ın xeyriyyəçiliyə böyük diqqət yetirdiyini bildirən L.Əliyeva iki dəfə təşkil olunmuş və indən belə hər il keçiriləcək “Qanın milləti yoxdur” aksiyasını, gənclərin uşaq evlərinə, qocalar və əlillər üçün evlərə baş çəkdiklərini xatırladıb: “Heç şübhəsiz, gənclərin idman və intellektual nailiyyətləri, ŞHK komandalarının çıxışları, nərd turnirləri, “Nə? Harada? Nə vaxt?” oyunu qurumun diqqət mərkəzindədir. Baharın sonunda Heydər Əliyev kuboku uğrunda mini-futbol çempionatı keçirmişik. Çempionatda Moskvanın 16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər il keçiriləcəkdir”.
RAGT-ın başçısı qurumun gələcək planları barədə məlumat verərək bildirib ki, gələcəkdə Azərbaycan dili, tarixi, ədəbiyyatı, milli rəqsləri siniflərinin, habelə Moskvada Azərbaycan məktəbinin açılması nəzərdə tutulur: “Bugünkü görüş belə bir əminlik yaradır ki, biz vahid komanda ola bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız getdikcə genişlənir. Təkcə Moskvada RAGT üzvlərinin sayı artıq mini ötmüşdür, bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır. RAGT qurumun üzvü olan və olmayan azərbaycanlı gənclərin hamısına kömək etməyə hazırdır. Biz bütün ideyalarınızı, təşəbbüsləri dəstəkləməyə hazırıq. Tələbələrimiz üçün əlavə stimul kimi əlaçıların mükafat fondunu təsis etmişik. Mükafatlar təhsil ilinin sonunda veriləcəkdir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan gənclərinin vahid çoxşaxəli ümumrusiya təşkilatında toplamaq məqsədi daşıyan fəal vətəndaş mövqeyinə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O, deyib ki, Rusiyanın bütün regionlarında gənclər RAGT-ın yaradılmasını və irimiqyaslı fəaliyyətini alqışlayır. Xaricdə Azərbaycan diasporunun yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan diplomat fikrini belə davam etdirib: “Ulu öndər diasporumuzun problemlərinə həmişə çox diqqətlə yanaşırdı. Dünya Azərbaycanlılarının I qurultayı Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdir. Bu gün həmin xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan diasporu ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır”.
MDBMİ-nin xarici tələbələrin təhsili kafedrasının dekanı Vladimir Şışkin, Seçenov adına Moskva Tibb Akademiyasının prorektoru Renat Alyautdin, Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi Nikolay Molçanov çıxış edərək, RAGT-ın və ali məktəblərdəki azərbaycanlı tələbə klublarının fəaliyyətini yüksək qiymətləndiriblər.
V.Şışkin bildirib ki, RAGT Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini və xalqımızın həyatını rusiyalılara daha yaxşı çatdırmaq üçün bundan da çox iş görə bilər: “RAGT-ın fəaliyyəti bu yolda tədricən bərpa olunan beynəlmiləlçilik ideyasının təcəssümüdür”.
Qurumun fəaliyyətini yüksək qiymətləndirən R.Alyautdin tibb bölməsi təşkil etməyi təklif etmiş, elmi konfransların, gənc alimlərin konfranslarının, idman turnirlərinin keçirilməsinə hər cür kömək etməyə hazır olduğunu bildirib.
N.Molçanov isə RAGT-ın ali məktəblər arasında ünsiyyət, dostluq, fikir mübadiləsi aparmaq imkanları yaratdığını söyləyib. O, Hüquq Akademiyasında 12 noyabr - Azərbaycan Konstitusiyası gününün keçirilməsi təşəbbüsü ilə çıxış etmiş azərbaycanlı tələbə klubunun fəaliyyətini yüksək qiymətləndirib: “Ali məktəbin rəhbərliyi həmin təşəbbüsü məmnuniyyətlə dəstəkləmişdir. Ümidvarıq ki, təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına xidmət edəcək bu tədbiri azərbaycanlı tələbə klubunun nümayəndələri ilə birlikdə layiqincə keçirəcəyik”.
Sonra RAGT-ın sədri Leyla Əliyeva və səfir Polad Bülbüloğlu gənclər təşkilatının gələcək planları və tədbirləri ilə bağlı tələbələrin suallarına cavab veriblər.
Sonda RAGT-ın himni səsləndirilib, təşkilatın təsis konfransı haqqında film nümayiş etdirilib. Mehmanxananın foyesində RAGT-ın tərkibinə daxil olan müxtəlif ali məktəblərin azərbaycanlı tələbə klublarının stendləri, habelə Rusiya xəritəsində RAGT-ın azərbaycanlı tələbə klublarının fəaliyyət göstərdiyi regionların qeyd olunduğu ayrıca stend qurulub.