Noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.
“Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommerdir.
Ekran əsərinin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdennova səhnəyə çıxıblar.
Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislik var?”. Biz bu suallara cavab vermək qərarına gəldik və elə qəhrəmanlarımız da bu və ya digər dərəcədə bu suallara cavab veriblər”. Vurğulanıb ki, filmin qəhrəmanları Şərlə mübarizə aparırlar, özlərinə “Mən bu gün hansı yaxşılığı etmişəm?” sualını verirlər və əksər hallarda pisliklərə qalib gəlirlər.
Rejissor filmin qəhrəmanları Vüsalə Kərimova və Aleksandra Abıdennova barədə də söhbət açıb. O qeyd edib ki, bu qızların həyat eşqi bizim hər birimizə nümunə ola bilər. O.Şommer ekran əsərinin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti Leyla Əliyevaya və çəkiliş qrupuna minnətdarlığını bildirib.
Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək deyib: “Oleqə dərin təşəkkürümü bildirirəm. Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmlə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xatirinə dəyəndə, özümüzü incitmiş oluruq. Başlıcası odur ki, bizim qəlbimizdə sevgi var, sevgi isə dünyada ən böyük qüvvədir”.
Filmin süjet xətti Xeyirin Şərlə mübarizəsi üzərində qurulub. Filmdə tamaşaçı 20 ildən çox həbsxana həyatı yaşamış və hazırda hər gününü xeyirxahlıqla başlayan insanla, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların yaşaması üçün mübarizə aparan həkimlərlə tanış olur. Ekran əsərinin daha bir qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da yaşamaq uğrunda mübarizə aparır və Şərə qalib gəlir.
Filmdə həyat fəlsəfəsi, Xeyirin Şərə qalib gəlməsi, insanın yaşamaq uğrunda mübarizəsi əksini tapıb.
Təqdimat mərasimində Rusiyanın tanınmış mədəniyyət və ictimai xadimləri, tələbələr, filmin qəhrəmanlarından bəziləri iştirak ediblər.