Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Dekabrın 3-də Azərbaycanın Rusiyadakı səfirliyində Rusiyanın səhiyyə və tibb sistemində işləyən azərbaycanlılarla görüş olmub. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə səhiyyə sahəsinin 50-yə yaxın işçisi iştirak edib.
Azərbaycanın RF-dəkı səfiri Polad Bülbüloğlu tədbirin vacibliyini vurğulayaraq bildirib ki, Rusiyanın tibb və səhiyyə sahəsində xeyli azərbaycanlı həkimin çalışması, onların böyük uğurlar qazanması və yüksək peşəkar səviyyədə işləməsi əlamətdar faktdır. Hazırda Azərbaycanda başqa sahələrlə yanaşı səhiyyə və tibb sahəsinin də fəal inkişaf etdiyini deyən səfir ölkədə son texniki avadanlıqla təchiz edilmiş yeni xəstəxanaların, poliklinikaların, tibbi mərkəzlərin tikildiyini xatırladıb. P.Bülbüloğlu Rusiya və Azərbaycanın tibb və səhiyyə işçiləri arasında təcrübə mübadiləsi və daimi əlaqələrin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi ilə sıx əməkdaşlığın bu məsələnin həllinə təkan verə biləcəyini söyləyib.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyeva isə peşəsi insan həyatını xilas etmək olan adamlarla görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb: “Siz insanlara ümid bəxş edir, onlara böyük kömək göstərirsiniz. Həkim peşəsi ən mühüm və məsul peşələrdən biri olmaqla bərabər, həm də ən vacib və ən çox ehtiyac olan peşələrdən biridir. Bu nəcib işinizə görə sizə təşəkkür edirəm”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib. O, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin yaradılmasından keçən iki ildə mədəniyyət, elm, idman və təhsil sahələrində fəal iş aparıldığını, bu işlərin davam etdirildiyini, lakin Fondun fəaliyyətinin əsas istiqamətlərindən birinin şübhəsiz ki, səhiyyə sahəsi olduğunu bildirib. Leyla Əliyeva deyib ki, Heydər Əliyev Fondu Azərbaycanda həm müstəqil şəkildə, həm də Səhiyyə Nazirliyi ilə birgə müxtəlif proqramlar və layihələr işləyib hazırlayır, həyata keçirir, xüsusi qayğıya ehtiyacı olan insanlara, ən zəif müdafiə olunan sosial qruplara – uşaqlara, yeniyetmələrə, habelə uşaq evlərinə, qocalar evlərinə, qaçqın və məcburi köçkün ailələrinə, aztəminatlı ailələrə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək edir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin tibbi istiqaməti barədə məlumat verib və bu sahədə bir neçə layihənin adını çəkib. Məsələn, Fond 2004-cü ildən “Şəkərli diabetdən əziyyət çəkən uşaqlara ən yüksək qayğı” proqramını həyata keçirir. Bu proqram çərçivəsində yaşlılara da ciddi kömək göstərilir; 2005-ci ilin fevralından “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilir, Bakıda müasir Talassemiya Mərkəzi tikilib istifadəyə verilib; yeni səhiyyə obyektləri tikilir, mövcud müəssisələr yenidən qurulur, bu il Uşaq Psixonevroloji Mərkəzi açılıb; Əzizbəyov rayonunun Türkan qəsəbəsindəki poliklinika, Şüvəlan qəsəbəsindəki xəstəxana, Zirə qəsəbəsindəki müalicə-diaqnostika mərkəzi təmir edilib və lazımi avadanlıqla təchiz olunub, 2008-ci ilin aprelində Qala qəsəbəsində müasir tibb mərkəzi tikilib, 2007-2009-cu illərdə “Təbəssüm” uşaq sanatoriyası əsaslı təmir edilib, avadanlıqla təchiz olunub, bir sıra digər işlər görülüb. Heydər Əliyev Fondu dünyanın bir sıra məşhur şirkətləri ilə əməkdaşlığı inkişaf etdirir və genişləndirir.
Leyla Əliyevanın sözlərinə görə, son beş ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 10 mindən çox sakininə tibbi yardım göstərilib, 763 cərrahiyyə əməliyyatı aparılıb, 100-ə yaxın xəstə müayinə və müalicə üçün xaricə göndərilib: “İstərdik ki, ümumiyyətlə xəstələr olmasın, lakin təəssüf ki, bu mümkün deyil. Heydər Əliyev Fondu əldə edilən nailiyyətlərlə kifayətlənmək fikrində deyil, o, bütün dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlılara kömək göstərməkdə davam edəcəkdir”.
Leyla Əliyeva RAGT-nin fəaliyyətinə də toxunaraq bildirib ki, qurum artıq iki ildir ki, “Qanın milləti yoxdur!” xeyriyyə aksiyası keçirir. Bu günlərdə isə Azərbaycanın gənc həkimləri “Sağlam olmağını yəqin et, xəstəliyə “Yox” de!” aksiyası keçiriblər. Bu aksiya çərçivəsində pasiyentlərin pulsuz müayinə edilməsi təmin olunub. Leyla Əliyeva təcrübə mübadiləsinin, birgə aksiyalar, konfranslar, seminarlar, ustad dərsləri təşkil edilməsinin gənc həkimlər üçün əhəmiyyətini də vurğulayaraq, səhiyyə sahəsində hər hansı təşəbbüs və təklifləri dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilib.
Daha sonra Azərbaycanın RF-dəki səfiri çıxış edib. O, Azərbaycandakı tibb müəssisələrinin texniki təchizatının yüksək səviyyədə olduğunu xatırladıb, bu müasir texnika ilə canlı insanların işləməli olduğunu, bu üzdən bu gün təhsil alan gənclərin yaxşı mütəxəssislər kimi yetişərək Vətənə qayıtmasının vacibliyini bildirib.
Görüşdə çıxış edən həkimlər bu cür tədbirlərin keçirilməsinin vacibliyini, Rusiya və Azərbaycanın tibbi ictimaiyyətinin və səhiyyə sahəsinin nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər. Onlar bu görüşün təşkil edilməsinə görə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğluna təşəkkür edib, bu görüşün gələcək qarşılıqlı fəaliyyətin əsasını qoyduğunu bildiriblər. Onlar səyləri birləşdirmək və konkret əməkdaşlıq üçün imkanlar çox olduğunu vurğulayıblar.
Sonra təntənəli təltifetmə və xatirə hədiyyələrinin təqdim edilməsi mərasimi olub. Leyla Əliyeva Rusiya tibbi ictimaiyyətinin nümayəndələrinə fəxri fərmanlar təqdim edib. Səhiyyə və təhsil sisteminin görkəmli işçilərinə - professorlara, akademiklərə, praktiki həkimlərə, habelə tibb sahəsində perspektivli gənc mütəxəssislərə “Kadrların hazırlanmasına və RAGT-nin humanitar aksiyalarının təşkilinə fəal kömək etdiklərinə görə” təşəkkür olunub. Təşəkkürnaməyə layiq görülənlər arasında akademik Valeri Sandrikov, Dövlət Dumasının Sağlamlığın Qorunması Komitəsinin sədrinin köməkçisi, tibb elmləri doktoru Yevgeni Gelfqard, professorlar – Əliheydər Rəhimov, Aleksandr Yeremenko, Yuri Barsukov, Adil Məmmədov, Səfər Həmidov, İsmixan Qəhrəmanov, Kima Abdullayeva, gənc mütəxəssislər – Samir Əliyev, Pərviz Səfərov və Əşrəf Həsənov var.