Dekabrın 21-də Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.
Gənclər və idman naziri Azad Rəhimov forumda çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlığını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həllinə xüsusi fikir verir. Nazir dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını xüsusi qeyd edib.
Gənclər və İdman Nazirliyinin dünyanın 65 ölkəsi ilə gənclər və idman sahəsində əməkdaşlıq etdiyini vurğulayan Azad Rəhimov deyib: “Bu il biz ilk dəfə yeniyetmələr arasında istedadların hazırlanması laboratoriyasını beynəlxalq formatda təşkil etdik. Azərbaycan Rusiya Federasiyasının Soçi şəhərində Gənclər və Tələbələrin XIX Ümumdünya Festivalında böyük nümayəndə heyəti ilə təmsil olunub”.
Nazir forumun işinə uğurlar arzulayıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycanda bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün yaradılan şərait barədə danışıb. O bildirib ki, bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hərtərəflidir. Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir.
Oleq Muraşov vurğulayıb ki, gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritetdir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov respublikamızda aparılan uğurlu gənclər siyasətindən, Azərbaycan və Rusiya gənclərinin bütün sahələrdə qurduğu əməkdaşlıqdan və bu əməkdaşlığın faydalarından söhbət açıblar.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan və Rusiya arasında mövcud olan əlaqələrdən, gənclər sahəsində inkişafdan danışıblar.
Xatırladaq ki, builki forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.
Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.