Heydər Əliyev Mərkəzində tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb

Video

Heydər Əliyev Mərkəzində tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb

Heydər Əliyev Mərkəzində tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16/02/2018

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Muxa Fondunun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa və sərginin kuratoru Tomako Sato tədbirdə çıxış ediblər.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.

Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.

“Art Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.

Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı “Jismonda” tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın “Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.

1906–1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.

Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət “Slavyan dastanı” əsərini yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, “Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən “Jismonda” afişası da var.

Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur “Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.