Moskvada Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr edilmiş konfrans keçirilib

Video

Moskvada Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr edilmiş konfrans keçirilib

Moskvada Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr edilmiş konfrans keçirilib
17/12/2009

Dekabrın 17-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (Universitetində) (MDBMİ (U)) Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr edilmiş konfrans keçirilib. NMR Ali Məclisinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçıları qismində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və Azərbaycanın Rusiyadakı səfirliyi çıxış edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu giriş sözündə xüsusi olaraq bu tədbirdə iştirak etmək üçün Moskvaya gəlmiş NMR nümayəndə heyətini Rusiya azərbaycanlıları adından salamlayıb, MDBMİ (U) rəhbərliyinə təşəkkürünü bildirib. Bu tədbirin əhəmiyyətini xüsusi vurğulayan səfir onun keçirilməsi təşəbbüsünün Heydər Əliyev Fondu, o cümlədən Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tərəfindən irəli sürüldüyünü, səfirliyin təşəbbüsü dəstəklədiyini söyləyib.

P.Bülbüloğlu Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirib. O, bu qədim diyarın Azərbaycana və bütün dünyaya ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyəti bəxş etdiyini xatırladıb. Səfirin sözlərinə görə, son 10-12 ildə Naxçıvan bütün sahələrdə uğurla inkişaf edir. O, naxçıvanlıların bu diyarda mövcud olan, təkcə Azərbaycan, türk mədəniyyətinə deyil, bütün müsəlman mədəniyyətinə, dünya mədəniyyətinə məxsus olan abidələrə qayğıkeş münasibətini xüsusi qeyd edib.

P.Bülbüloğlu Naxçıvan Muxtar Respublikasının yubileyinin Moskvada keçirilməsini əlamətdar hadisə adlandırıb: “Çünki Rusiya bizim böyük qonşumuz, strateji tərəfdaşımızdır. Rusiyada çoxsaylı Azərbaycan diasporu yaşayır və Rusiyanın rifahı naminə çalışır. Diaspor Azərbaycanla bağlı bütün məsələlərə ciddi maraq göstərir. Rusiyada əslən Naxçıvandan olanlar da çoxdur”.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da salona toplaşan qonaqları salamlayaraq NMR-in yubileyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğulayıb. NMR-in yaradılmasının 85 illiyinin Azərbaycanda geniş qeyd edildiyini vurğulayan Leyla Əliyeva deyib: “Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə bu yubileyi Moskvada qeyd edir və bizə verilmiş imkana görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu yubiley Azərbaycan xalqı üçün çox əzizdir. Biz haqlı olaraq bununla fəxr edirik. Biz öz mədəni və tarixi köklərimizi, adət və ənənələrimizi öyrəndikcə, müasir dövrün gerçəklikləri və bir-birimizin uğurları ilə tanış olduqca, qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik”.

“Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, ilk növbədə yaşı minilliklərlə hesablanan, tarixi maraqlı faktlarla zəngin olan qədim diyardır. Əminəm ki, bu gün Naxçıvanın təbiəti haqqında, onun tarixi və müasir dövrdə inkişafı haqqında çox sözlər deyiləcəkdir. Siz bu muxtar respublikanın üzləşdiyi çətinliklər haqqında, naxçıvanlıların qismətinə düşmüş ağır sınaqlardan ləyaqətlə çıxması haqqında eşidəcək, öyrənəcəksiniz. Konfransda siz Naxçıvan sakinlərinin Azərbaycan tarixinə verdiyi dəyərli töhfələr haqqında eşidəcəksiniz. Naxçıvandan olan böyük azərbaycanlıların şöhrəti hamıya məlumdur. Bu gün siz Naxçıvanın – qədim tarixə malik bu bərəkətli diyarın müasir siması ilə tanış olacaq, onun büllur kimi saf havası ilə nəfəs alacaq, əzəmətli dağlarının gözəlliyindən zövq alacaq, canlı əfsanə ilə təmasda olacaqsınız. Çünki Naxçıvan torpağı Nuh peyğəmbərin dəfn olunduğu yer və bir sıra başqa sirli məqamlar məkanıdır”, - deyə Leyla Əliyeva qeyd edib.

Sonra NMR baş nazirinin müavini Təranə Quliyeva “Naxçıvanın sosial-iqtisadi inkişafı” mövzusunda, tarixçi professor Rudolf İvanov “Görkəmli naxçıvanlılar Rusiya dövlətinin tarixində”, MDU yanında Postsovet Məkanını Öyrənən Mərkəzin baş direktorunun müavini Aleksandr Karavayev “NMR regional siyasətdə” mövzularında məruzələrlə çıxış ediblər.

Tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildliyin müəllifi Elmira Axundovanın şərti olaraq “Naxçıvan Heydər Əliyevi xilas etdi, Heydər Əliyev Azərbaycanı xilas etdi” adlandırdığı məruzəsi xüsusi maraqla qarşılanıb. E.Axundova ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə siyasi fəaliyyətinin əsas mərhələləri, onun Naxçıvana qayıtması, daha sonra dövlətimizi xilas etmək naminə Bakıya gəlməsi faktları üzərində dayanaraq ölkəmizin tarixində Heydər Əliyevin şəxsiyyətinin rolu və onun irsi barədə ətraflı məlumat verib.

Tədbirin təşkilatçıları və qonaqlar muxtar respublikanın yubileyinə həsr edilmiş fotosərgi ilə tanış olublar. Naxçıvan haqqında sənədli film nümayiş etdirildikdən sonra qonaqlar Naxçıvanın Moskvaya gəlmiş mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bayram konsertinə tamaşa ediblər.