Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilər barədə məlumat verilib.
Qeyd olunub ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bilirlər. Budəfəki sərgidə müxtəlif hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Nazirlikdən başqa, burada bir neçə milli qurum da təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edirlər. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları və məkanları, paytaxtla yanaşı, bölgələrin mövcud turizm potensialı və infrastrukturu barədə məlumat verilir. Burada ziyarətçilərə Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar da verilir.
Azərbaycan Turizm Assosiasiyasının stendində 15-ə yaxın şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Burada Bakıda və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
Sərgidə Qarabağ stendinə böyük maraq var. Azərbaycanın əzəli torpağı Qarabağın təbii gözəllikləri qonaqların xüsusi marağına səbəb olur. Bundan əlavə, digər bölgələrimizin təbii imkanları da sərgidə nümayiş etdirilir.
Bakıya gələn turistlərin daha çox diqqət göstərdiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun stendində bildirilib ki, artıq yeni Turistik Məlumat Mərkəzi fəaliyyətə başlayıb. İçərişəhərin müxtəlif nöqtələrində yerləşən mərkəz turistlərin qədim şəhərlə daha rahat tanış olmaları üçün nəzərdə tutulub. Müasir informasiya metodlarının tətbiq olunduğu mərkəzdə vahid və mərkəzləşdirilmiş turizm idarəetmə sistemi, yeni turizm internet-portalı yaradılıb. Bütün məlumatlar xüsusi informasiya monitoruna yüklənilib.
Sərgidə “Tibbi və sağlamlıq turizmi” sektoru da geniş təmsil olunur. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirirlər.
Qeyd edək ki, aprelin 7-nə qədər davam edəcək sərgi BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.