Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Oktyabrın 16-da Moskvadakı “Bakı” kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak ediblər.
Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın azərbaycanlı tələbələrlə ikinci görüşüdür.
Görüşü ÜAK-ın prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akademiki Məmməd Əliyev açaraq Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışıb.
Leyla Əliyeva RAGT-ın çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat verib. O, RAGT-ın coğrafiyasının genişləndiyini, azərbaycanlı gənclər klublarının bir çox regional ali məktəblərdə də fəaliyyət göstərməsinin çox sevindirici hal olduğunu söyləyib. Leyla Əliyeva gəncləri RAGT ilə daha fəal əməkdaşlığa çağıraraq bildirib ki, təşkilatın qapıları əməkdaşlıq və istənilən layihələr üçün açıqdır.
Sonra Leyla Əliyeva RAGT-ın adından əlaçı tələbələrə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının “Əlaçı mükafatı”nı təqdim edib. O, bildirib ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd ayırıb.
Görüşdə ÜAK-ın təhsil komitəsinin sədri, professor Tofiq Məlikov geniş məruzə ilə çıxış edib.
Sonra tələbələr Jalə Cavadova və Mirtapdıq Talıbov, habelə tələbələrin valideynləri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyevaya təşəkkürlərini bildiriblər. Çıxış edənlər Rusiyada təhsil almaq imkanına, gənclərin problemlərinə və təhsilinə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Ümumrusiya Azərbaycanlıları Konqresinə minnətdarlıqlarını bildiriblər.
Bir neçə tələbəyə, həmçinin ÜAK-ın, “Lukoyl” Xeyriyyə Fondunun və Aydın Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunub.
Görüş konsert proqramı ilə başa çatıb.