“Ədibin evi”ndə ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə ədəbi-musiqili mərasim keçirilib
16/05/2018

Mayın 16-da İçərişəhərdə “Ədibin evi”ndə Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.

Ulu Öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Mərasimdə Ulu Öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş “Heydər Əliyev və incəsənət” adlı film nümayiş etdirilib. Filmdə Ümummilli Liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.

Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib.

Tədbirdə Leyla Bəşirova “Zərifə sevgisi – Heydər sevinci” (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə “Ana” (Sevil Əliyeva) və “Elegiya” (Müslüm Maqomayev), Ayla Qafqazlı “Sevgili canan” və “Sənsiz” (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva “Sənə də qalmaz” (Tofiq Quliyev), Fikrət Əliyev “Küçələrə su səpmişəm” (xalq mahnısı) və “Leyla” (Rauf Hacıyev), Canəli Canəliyev “Ayağa dur, Azərbaycan” (Məmməd Araz) əsərlərini səsləndiriblər.

Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub.

Tədbir Süleyman Mahmudovun ifasında “Azərbaycan” mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.