“Port Baku Mall”un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb

Video

“Port Baku Mall”un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb

“Port Baku Mall”un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb
30/05/2018

Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində “Port Baku Mall”un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisinin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Kirill İstominin “LivingwithArt” adlı şəxsi sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri də nümayiş olunur. Leyla Əliyevanın sərginin mərkəzində quraşdırılan guşədə nümayiş olunan rəsmləri böyük maraqla qarşılanır.

Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də böyük uğurlara imza atıb və dünyada tanınıb. Onun yaratdığı əsərlər bu sahənin tanınmış nüfuzlu mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Leyla Əliyevanın əsərləri dünyanın Paris, Berlin, London, Moskva kimi mədəniyyət mərkəzlərindən sayılan şəhərlərdə nümayiş olunub.

2002-ci ildə yaradılmış “Kirill Istomin Interior Design & Decoration” bu gün daxili dizayn və dekorasiya sahəsində dünyada lider mövqeyə malik yaradıcı təşkilatlardan biridir. Onun layihələri bütün dünyada həyata keçirilir və böyük maraqla qarşılanır. İndiyədək Kirill İstominin əsərləri Paris, Cenevrə, London, Nyu-York, Los-Anceles, Sankt-Peterburq, Moskva və Alma-Atıda, həmçinin Fransanın və İtaliyanın turizm bölgələrində nümayiş olunub. Şirkətin təsisçisi Kirill İstomin “AD” və “ElleDecoration” jurnallarının versiyalarına görə, dünyanın ən yaxşı dekorçularından biridir. Sərgidə nümayiş olunan fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Burada, həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri əsasında quraşdırılan interyer, dizayn studiyasının bütün dünyada reallaşdırdığı fotolayihələr təqdim edilir.

Ümumilikdə, şirkət daxili memarlığın yaradılması, fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol və yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.