Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Moskvada, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin başçısı Leyla Əliyeva, habelə çoxsaylı qonaqlar rəngarəng xalılardan, milli geyimlərdən, musiqi alətlərindən, Azərbaycan muğamının tarixini və müasir vəziyyətini əks etdirən kitab və vəsaitlərdən ibarət sərgiyə maraqla tamaşa ediblər.
Rusiya mədəniyyət nazirinin müavini Andrey Busıgin təşkilatçıları və qonaqları salamlayaraq tədbiri olduqca maraqlı hadisə adlandırıb: “Hər bir xalqın özünəməxsus nadir mədəniyyəti var. Məhz bu mədəniyyət insanın bu və ya digər cəmiyyətə məxsus olduğunu, onun identikliyini müəyyənləşdirməyə imkan verir. Xalqlar bir-birinə ümumi cəhətlərinə görə deyil, fərqli cəhətlərinə görə maraq göstərir. Rusiya üçün də Azərbaycan mədəniyyəti olduqca maraqlıdır”.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı Leyla Əliyeva tədbirin təşkilatçılarına, qonaqlara, habelə Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib, muğamın Azərbaycan xalqının sərvəti olduğunu, onun köklərinin çoxəsrlik bir tarixə gedib çıxdığını söyləyib: “Muğam həmişə Azərbaycanın incisi olmuşdur. Azərbaycan xalqı muğamı həmişə sevmiş və qiymətləndirmişdir. Bizim üçün muğam bir növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur. Muğam özündə bir çox yeni musiqi janrlarını – muğam operasını, caz muğamı və s. təcəssüm etdirir. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Niyazi, Vaqif Mustafazadə kimi böyük xadimlərinin adları muğamla bağlıdır. Sevindirici haldır ki, son illər getdikcə daha çox gənc muğamı öyrənməyə meyil edir, yeni-yeni istedadlı muğam ifaçıları ortaya çıxır”.
Bu yaxınlarda Bakıda Beynəlxalq Muğam Mərkəzinin açıldığını, elmi simpoziumun və Beynəlxalq muğam festivalının keçirildiyini xatırladan Leyla Əliyeva fikrini belə davam etdirib: “Çox xoşdur ki, bu tədbir Qlinka adına Dövlət Muzeyində keçirilir, çünki musiqi xalqları və millətləri birləşdirməyə qadirdir və onun üçün heç bir sərhəd yoxdur”.
L.Əliyeva tədbirin ev sahiblərinə minnətdarlığını bildirərək, Azərbaycanın milli musiqi alətləri olan ud və sazı Qlinka adına muzeyə hədiyyə edib.
Muğam gecəsinin təşkilatçılarına və şəxsən Leyla Əliyevaya minnətdarlığını bildirən Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin direktoru Mixail Brızqalov isə bu hadisəni Rusiya paytaxtının musiqi və mədəni həyatında əlamətdar hadisə adlandırıb, Heydər Əliyev Fondunun hədiyyəsi olan Azərbaycanın milli musiqi alətləri muzeyin zəngin kolleksiyasında layiqli yer tutacağını söyləyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Mədəniyyət Nazirliyinə, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək deyib ki, Leyla Əliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələri davam etdirir. Səfir muğamın məhz Heydər Əliyevin hakimiyyəti dövründə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salındığını xatırladıb, Prezident İlham Əliyevin bu ənənəni davam etdirdiyini bildirib: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın təbliğində böyük rol oynayır. Məhz onun təşəbbüsü ilə Bakıda YUNESKO-nun baş direktorunun iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. İki il ərzində inşa edilən mərkəzdə yüksək səviyyədə Beynəlxalq muğam müsabiqəsi və elmi simpozium keçirilmişdir. Bu, muğamın təbliğinin və onun yeni beynəlxalq üfüqlərə çıxmasının əsasını qoymuşdur. Bu, heç şübhəsiz Mehriban xanım Əliyevanın xidmətdir”.
Sonra Azərbaycan muğamının tarixi və müasir vəziyyəti haqqında sənədli film nümayiş etdirilib, Bakıda keçirilmiş Beynəlxalq muğam müsabiqəsinin qaliblərinin və laureatlarının iştirakı ilə konset olub.