Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib

Video

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib

Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib
05/06/2018

İyunun 5-də Bakı Konqres Mərkəzində “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Forumda iştirak edib.

Dünya Ətraf Mühit Günündə təşkil edilən tədbirin məqsədi gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən onların ekoloji aspektləri haqqında maarifləndirmənin artırılması, eləcə də gəncləri DİM səfirləri olmağa sövq etməklə onların 2030 Gündəliyinin həyata keçirilməsində rolunu gücləndirməkdir.

Leyla Əliyeva Forumun açılış mərasimində çıxış edib.

Leyla Əliyeva planetimizin və onun təbii ehtiyatlarının mühafizəsi məqsədilə maarifləndirmə və fəaliyyətin təşviqi üçün ən mühüm gün olan Dünya Ətraf Mühit Gününü qeyd etmək üçün Forum iştirakçıları ilə birlikdə olmaqdan məmnunluğunu bildirib. “Bizim tədbirimiz bu günü qeyd etmək və ətraf mühitlə bağlı aktual məsələlər və dayanıqlı inkişaf barədə danışmaq üçün böyük imkandır”, - deyən Leyla Əliyeva vurğulayıb ki, biz vaxtın ötüb getdiyini və hərəkətə keçmək üçün yeganə zamanın indiki zaman olduğunu yadda saxlamalıyıq.

“2015-ci ildə dünya liderləri bəşəriyyətin bütün mövcud çağırışlarının həllində irəli aparan ümumbəşəri yol olan Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyini təsdiqlədilər. Gündəlikdə 2030-cu ilədək nail olunması üçün 17 ümumbəşəri dayanıqlı inkişaf məqsədi və 196 hədəf müəyyənləşdirilib. Azərbaycanda dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsini əlaqələndirmək məqsədilə 2016-cı ilin oktyabrında dayanıqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılarkən ölkəmiz 2030-cu il Gündəliyinə nail olmaq öhdəliyini ən yüksək səviyyədə nümayiş etdirdi. Bu gün BMT-nin 18 rezident və qeyri-rezident qurumu Azərbaycanın bu 17 məqsədə nail olmaq üçün göstərdiyi səyləri dəstəkləyir. Sevinc hissilə qeyd edirəm ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş bir sıra layihələrdə bizim IDEA təşkilatımız BMT ilə uğurlu əməkdaşlıq edir. Bir çox birgə təşviqat tədbirləri, o cümlədən BMT İnkişaf Proqramı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı -FAO və UNICEF-lə tədbirlərin həyata keçirilməsi 2018-ci ilə planlaşdırılır. Əlbəttə ki, bu böyük forum bizim əməkdaşlığımızın nəticəsidir. Ümidvaram ki, bu, ətraf mühitə dair məsələlərlə bağlı məlumatlılığı artıracaq, qlobal məqsədlərə nail olmaq üçün gənclərin səylərini birləşdirməsinə kömək edəcək. 2030-cu il Gündəliyi əslində gənclər gündəliyidir. Çünki onun inkişaf etdirilməsi üçün əsas iştirakçılar gənclərdir”, - Leyla Əliyeva deyib.

Sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Edvard Karvardin çıxış ediblər.

Daha sonra BMT baş katibinin Ümumdünya Ətraf Mühit Günü münasibətilə videomüraciəti nümayiş olunub.

Forum işini panel iclaslarla davam etdirib.