İyunun 6-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub.
Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.
Filmin nümayişindən əvvəl Oleq Şommer çıxış edib.
Daha sonra film nümayiş etdirilib.
Tarixi faktlar və araşdırmalar əsasında çəkilmiş ekran əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilən 102 gəncin taleyindən, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əldə olunan nailiyyətlərdən, xalq və dövlət maraqlarının hər şeydən üstün tutulmasından, gənclərin təhsilinə, o cümlədən xaricdə təhsil almasına dövlət siyasəti səviyyəsində göstərilən diqqətdən, güclü müstəqil dövlət olan Azərbaycanın əldə etdiyi iqtisadi qüdrətin insan kapitalına çevrilməsindən və bu insanların ölkəsinə bağlılığından, onların əldə etdikləri bilik və bacarıqların Vətən, dövlət naminə istiqamətlənməsindən bəhs edilir.