Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “RAGB-2018 məzun gecəsi” adlı əyləncəli konsert proqramı təşkil edilib. Bayram gecəsində Rusiya paytaxtındakı ali məktəblərin məzunları və tələbələri iştirak ediblər.
RAGB idarə heyətinin üzvü Emin Hacıyev qonaqlara müraciətlə məzunların ali məktəbi bitirmələri münasibətilə Leyla Əliyevanın təbrikini çatdırıb və təşkilatın fəaliyyətində yaxından iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.
Tədbir çərçivəsində son bir ildə RAGB-nin həyatında fəal iştirak etmiş məzunlar və tələblər təltif edilib. Moskva şəhər Pedaqoji Universiteti ilin ən fəal Azərbaycan klubu hesab edilib. İlin ən fəal tələbəsi isə Moskva Dövlət Pedaqoji Universitetinin Azərbaycan klubunun sədri Tünzalə Mirzəzadə olub. 10 ildən bəri Moskvada Leyla Əliyevanın təşəbbüsü və İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən “Qanın milləti yoxdur” adlı xeyriyyə aksiyası Azərbaycan klublarının ən uğurlu layihəsi hesab edilib. Rusiya Texnoloji Universitetinin tələbəsi İsrafil Hüseynov ilin ən fəal könüllüsü, Rusiya Dövlət Bədən tərbiyəsi, idman, gənclər və turizm universitetinin tələbəsi Oruc Babazadə ilin ən fəal tələbəsi, RF hökuməti yanında Maliyyə Universitetinin tələbəsi Teymur Qocayev ilin ən erudisiyalı tələbəsi, Dövlət Musiqi-Pedaqoji İnstitutunun tələbəsi Jalə Kərimova ilin ən yaradıcı tələbəsi adına layiq görülüb.
Təltif edilənlər tələbələrin dəstəklənməsinə, təhsilinə xüsusi diqqətə görə Leyla Əliyevaya təşəkkür ediblər.
Tədbir gənc musiqiçilərin çıxışları ilə müşayiət olunub. Bayram tədbirində “Qolos. Deti” şousunun finalçısı Azər Nəsibov, Jalə Kərimova, Andrey Vitvitski, Dilqəm Verdiyev, gənc repçi Fərdi, Darya Zayets və Zamin AMUR çıxış ediblər.
Musiqi fonunu DJ İKA və Kərimli yaradıb.