Leyla Əliyeva: Hamıya gözəl axşam və cansağlığı arzu edirəm
27/07/2018

İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrilib.

Festivalın ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub.

Əvvəlcə Xalq artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər.

Bəstəkar və müğənni Emin Ağalarov “Jara-2018”in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb. Qeyd edib ki, tamaşaçıların festivala marağı ifaçıları ilhamlandırır. Mən hamıya xoş anlar arzu edirəm.

Tədbirin aparıcısı qırmızı xalının üzərindən keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər müsbət emosiyanın olmasına heyran qaldığını bildirib.

Leyla Əliyeva deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Sizinlə ünsiyyətdə olanda daha çox sevinirəm. Zənnimcə, siz işinizi ideal səviyyədə yerinə yetirirsiniz. Dünən çox gözəl idi. Əminəm ki, bu gün də belə olacaq. Hamıya gözəl axşam və cansağlığı arzu edirəm. Sağ olun”.

Xalı üzərindən keçəndən sonra jurnalistlərin suallarını cavablandıran Leyla Əliyeva deyib ki, festival barədə təəssüratım çox zəngin və gözəldir. Ən başlıcası odur ki, hamı xoşbəxtdir, hamı sevinir. Görün, nə qədər qonaq var, onların hamısı bizim Bakı şəhərinə məftun olublar. Bütün ifaçıları dinləmək istəyirəm. Hamının rəqs etdiyini görmək çox xoşdur.

Fəxri qonaq qismində xanımı ilə qırmızı xalının üzərindən keçən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Jara–2018” beynəlxalq musiqi festivalı çox gözəl təşkil olunub. Bu festivalın çox gözəl ölkədə, heyrətamiz Bakı şəhərində keçirilməsi onun əhəmiyyətini daha da artırır. Bizim Rusiya ulduzları bir neçə günlüyə buraya gəlir və onlar çox zəngin təəssüratla qayıdırlar. Beləliklə, biz bir-birimizi yada salırıq. Müasir dünyada bu, çox vacib amildir.

Dörd ildir ki, Bakıda olmadığını vurğulayan Dmitri Peskov deyib: “Bakı ecazkar şəhərdir. Mən onu sevirəm”.

Azərbaycanın Xalq artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Vladimir Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.

Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.

Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalı hər dəfə maraqlı təqdimatları ilə tamaşaçıları heyrətləndirir. Digər tərəfdən isə festival iştirakçıları da Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak etdiklərini dönə-dönə söyləyirlər.

“Jara”nın ikinci günündə də bir çox tanınmış müğənnilər tamaşaçıların qarşısına çıxıblar.

Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən müğənniləri alqışlayan Leyla Əliyeva dedi: “Xahiş edirəm, indi Aya baxın. Bu gün ən uzun Ay tutulması günüdür. İndi Mars Ayın üzünü örtür. Belə hadisə 25 milyon ildə bir dəfə baş verir. Əlbəttə, bu, təsadüfi deyil. Bakıya xoş gəlmisiniz. Sağ olun”.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev deyib ki, Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin üzvləri də “Jara-2018” festivalının ikinci günündə konsert proqramını izləyənlər arasında olublar. Konsert proqramı rusiyalı qonaqlarda xoş təəssürat oyadıb. Onlar fasilə zamanı Leyla Əliyeva ilə görüşərək ona xatirə hədiyyəsi təqdim ediblər.

Aparıcıları Yana Çurikova və Nikolay Baskov olan festivalın ikinci günü də atəşfəşanlıqla başa çatıb.