Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub.
2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb.
2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir.
2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalınını təsis edib. Jurnalın təsisçisi və baş redaktorudur.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır.
2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır.
2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
12 iyul 2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb.
2011-ci ilin oktyabrında Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.
2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb.
22 noyabr 2011-ci ildə BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb.
2012-ci ilin sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.
2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb.
2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb.
2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib. 2015-ci il noyabrın 4-də Xalq Birliyi Günü şərəfinə keçirilən qəbulda Rusiya Prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib.
2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.
İki oğlu, bir qızı var.