Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İndən belə dünyanın harasında olurlarsa-olsunlar, bakılıların və onların dostlarının doğma Bakının adını daşıyan jurnalı var.
Moskvada, “Ritts-Karlton” mehmanxanasının dəbdəbəli salonunda Azərbaycandan və onun paytaxtından, ölkəmizin zəngin və qədim mədəniyyətindən, ənənələrindən və müasir nailiyyətlərindən söhbət açan bu nəşrin birinci nömrəsinin təntənəli təqdimatı olub. Moskva elitasının toplaşdığı mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva da iştirak edib.
Yeni nəşrin konsepsiyasını jurnalın təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva açıqlayıb: “Biz heyranlıq doğuran faktların, şəxsi səciyyəli müsahibələrin və qeyri-adi tarixçələrin təqdim olunduğu yeni və original mənbə yaradırıq. Bütün bunları qısa “Bakı” kəlməsi birləşdirəcəkdir”.
Rusiyanın tanınmış telejurnalisti Vladimir Molçanovun apardığı təntənəli mərasim Azərbaycan haqqında filmin nümayişi ilə başlandı. Sonra söz jurnalın baş redaktoru Leyla Əliyevaya verildi: ““Bakı” jurnalının təqdimatı mənim üçün çox fərəhli, eyni zamanda həyəcan doğuran hadisədir. Çünki biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliyini və qədimliyini göstərməyə çalışmışıq. Bu gün Bakı iqtisadi inkişaf, müasirliklə qovuşmuş milli ənənələr, zəngin mədəni dəyərlər deməkdir. Bakı həmişə tolerantlığı, qonaqpərvərliyi ilə seçilmişdir. O, ən müxtəlif millətlərin nümayəndələri üçün doğma şəhərdir. Bu gün biz bu jurnalın təqdimatı ilə Azərbaycanın qədim mədəniyyətinin bir zərrəsini Rusiya paytaxtına gətirməyə çalışmışıq və sizin üçün milli musiqidən ibarət maraqlı konsert hazırlamışıq”.
Rusiya-Azərbaycan münasibətlərinin inkişafına toxunan Leyla Əliyeva bildirdi ki, Rusiya və Azərbaycanı uzun illər davam edən qardaşlıq və əməkdaşlıq telləri bağlayır. Tədbir iştirakçılarına, jurnalın kollektivinə və nəşrin ərsəyə gəlməsinə kömək edən, bu işə qəlbinin hərarətini və canını qoyan bütün insanlara dərin minnətdarlığını bildirən baş redaktor fikrini belə davam etdirib: “Ümidvaram ki, “Bakı” jurnalı Azərbaycanla Rusiya arasında mədəni dialoqu daha da inkişaf etdirəcək, həm ölkəmizdə, həm də Rusiyada maraqlı informasiya mənbəyi olacaqdır”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə çıxışında öz təbriklərini bildirdi, adı onun üçün doğma olan “Baku” jurnalının təqdimatında iştirak etdiyinə çox şad olduğunu vurğuladı: “Mən bu gün ikiqat sevinc içindəyəm, çünki mənə doğma olan insanların bu əlamətdar hadisəyə birbaşa aidiyyəti vardır. Layihənin məharətlə həyata keçirilməsi münasibətilə Leyla Əliyevanı və onun komandasını ürəkdən təbrik edirəm. Nəşriyyat işində ikinci dərəcəli məsələlər olmur, jurnalistlərin işindən tutmuş material və fotoşəkil seçiminə, tərtibatadək bütün işlər vacibdir. Bir sözlə, bu prosesdə hər şey çox mühüm rol oynayır. Zənnimcə, bu gənc komanda çox qısa müddətdə böyük zövqlə gözəl və maraqlı jurnal yarada bilmişdir. Yəqin, Leylanın dediyi kimi, onlar bu işə qəlbən yanaşmışlar və təbii ki, nəticədə çox gözəl və ciddi bir jurnal ərsəyə gəlmişdir”.
Mehriban Əliyeva xatırlatdı ki, oxucu auditoriyası formalaşdıraraq, uzun illər öz oxucusunu axtaran bir çox nəşrlər var, lakin “Baku” jurnalının vəziyyəti tamamilə başqadır: “Böyük auditoriya uzun illər öz nəşrini gözləmiş və nəhayət, istədiyinə çatmışdır. Mən inanıram ki, bu jurnal təkcə Bakı ilə Moskva arasında deyil, həm də Rusiyanın müxtəlif regionları arasında özünəməxsus körpü yaradacaqdır. Ümidvaram ki, “Bakı” təkcə Rusiyada yaşayan azərbaycanlıların deyil, həm də Azərbaycanı sevən, ölkəmizlə, onun mədəniyyəti və tarixi ilə maraqlananlar, bir sözlə, bütün dostlarımız üçün sevimli nəşrlərdən birinə çevriləcəkdir”.
Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamını və ən xoş diləklərini çatdıraraq, dövlət başçısının “Baku” jurnalının redaksiyasına ünvanlanmış təbrik məktubunu oxudu: ““Bakı” adlı yeni jurnalın birinci nömrəsinin nəşri münasibətilə redaksiyanın bütün əməkdaşlarını təbrik edirəm. Jurnal paytaxtımızın şərəfinə adlandırılmışdır. Bu, məsuliyyət deməkdir, axı, Bakı nadir şəhərdir, onun müasir siması, qədim küçələrinin gözəlliyi, Bakı buxtasının misilsiz mənzərəsi Bakıda, heç olmazsa, bircə dəfə olan insanların yaddaşından uzun müddət silinmir. Bu, Bakının son dərəcə gözəlliyinin ab-havası jurnalda çox yaxşı əksini tapmışdır. Onun səhifələrində tariximizdən faktlar, bizim günlərin daha parlaq hadisələri ahəngdarlıqla uzlaşır. Zənnimcə, Azərbaycan sakinləri və diasporumuzun nümayəndələri, turistlər gözəl hədiyyə almışlar. Ümidvaram ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda jurnalın oxucu dairəsi daim genişlənəcəkdir.
Bu gün Azərbaycan dinamik inkişaf edir, müxtəlif sahələrdəki nailiyyətlərimiz bir çox yazılarda və nəşrlərdə öz əksini tapır. Lakin indiyədək Azərbaycan haqqında rus dilində obyektiv informasiya verən illüstrasiyalı jurnalımız yox idi. Jurnal, şübhəsiz, bu informasiya boşluğunu aradan qaldıracaqdır. Bununla yanaşı, onun səhifələrində Rusiyada yaşayan azərbaycanlılarla tanış olmaq, onların nailiyyətləri və problemləri barədə daha çox məlumat almaq imkanı verilir. Əminəm ki, “Bakı” jurnalı tezliklə başqa dillərdə də çıxmağa başlayacaq, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi öz ətrafında birləşdirəcəkdir. Bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərin hamısına xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Hökumətinin nümayəndəsi Denis Molçanov da jurnalın kollektivini təbrik etdilər.
Təqdimat mərasimindən sonra Mehriban Əliyeva Rusiya və Azərbaycanın mətbuat nümayəndələrinin suallarına cavab verərək dedi: “Azərbaycanla Rusiya arasında, iki dövlətin başçıları arasında münasibətlər strateji tərəfdaşlıq kimi qiymətləndirilir. Bu o deməkdir ki, biz fəaliyyətimizin, əslində, bütün sahələrində əməkdaşlıq edirik. Bu, həm siyasi, həm iqtisadi, həm də mədəni əməkdaşlıqdır. Bildiyiniz kimi, 2005-ci il Rusiyada Azərbaycan İli, 2006-cı il isə Azərbaycanda Rusiya İli elan edilmişdi. Bu mədəni mübadilə çərçivəsində həm Moskvada, həm də Bakıda çoxlu tədbirlər, konsertlər, sərgilər təşkil olundu. Ölkələrimizi uzun illər ərzində mehriban qonşuluq münasibətləri bağlayır və mən çox şadam ki, bu gün həmin ənənələr davam etdirilir”.
Mehriban Əliyeva “Baku” jurnalının Rusiya-Azərbaycan münasibətlərində oynayacağı rol haqqında suala belə cavab verdi: “Jurnal mədəni dialoqun inkişafında çox böyük rol oynayacaqdır. Bildiyiniz kimi, hazırda Azərbaycan olduqca dinamik inkişaf edən ölkədir, regionda liderdir və iqtisadi artım sürətinə görə dünyada aparıcı yer tutur. Bütün bu prosesləri əyani şəkildə görmək üçün Bakıya gəlmək lazımdır.
Bakıda böyük tikinti işləri gedir, körpülər salınır, məktəblər inşa olunur, tarixi abidələr, teatrlar, muzeylər bərpa edilir. Zənnimcə, bütün bunlar jurnalın səhifələrində əksini tapacaqdır. Ümidvaram ki, bütün bunlar təkcə xaricdə yaşayan həmvətənlərimiz üçün maraq doğurmayacaq, həm də rusiyalı oxucunun da diqqətini cəlb edəcəkdir. Nəşrin konsepsiyası təkcə Bakı və Moskvadakı hadisələri işıqlandırmağı deyil, həm də bütövlükdə Rusiyanın və Azərbaycanın mədəni həyatında baş vermiş hadisələri əhatə etməyi nəzərdə tutur. Azərbaycan oxucusu ölkəmizin hüdudlarından kənarda baş verən hadisələri maraqla izləyəcəkdir. Bir sözlə, “Bakı” jurnalının gələcəyi böyükdür”.
Mehriban Əliyeva Azərbaycanın turizm perspektivlərini də şərh edərək bildirdi ki, nadir təbiəti olan ölkəmizdə dünyadakı 11 iqlim qurşağından 9-u var: “Bakı dünyanın dəniz sahilində yerləşən az sayda paytaxt şəhərlərdən biridir. Əlbəttə, bütün bunlar turizmin inkişafı üçün böyük imkanlar açır. Hazırda Azərbaycanda turizm sahəsi fəal inkişaf edir, mehmanxanalar tikilir, turizm bazaları açılır və zənnimcə, bu sahənin böyük gələcəyi vardır. İnanıram ki, Azərbaycanda güclü turizm sənayesi yaradılacaq və bu mövzu da “Bakı” jurnalında öz əksini tapacaqdır”.
Azərbaycanın birinci xanımı sonda “Baku” jurnalının həm Rusiyanın, həm də Azərbaycanın mədəni həyatında böyük hadisə olacağına bir daha əminlik ifadə edib.
Təqdimat mərasimində Rusiya hökumətinin, ziyalılarının, biznes elitasının və şou-biznesinin tanınmış nümayəndələri, o cümlədən “Krokus İntənəşnl” şirkətinin başçısı Araz Ağalarov, “LUKoyl”şirkətinin başçısı Vahid Ələkbərov, Moskva merinin birinci müavini Lyudmila Şvetsova, RF Hökumətinin nümayəndəsi Denis Molçanov, Rusiya Milli Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Nobel mükafatı laureatı Jores Alferov, Rusiya Prezidenti Aparatının nümayəndələri, deputatlar, siyasətçilər, Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.
“İgidlər” ansamblı, Muğam üçlüyü, beynəlxalq müsabiqələr laureatı Elçin Əzizov, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və başqalarının iştirakı ilə maraqlı konsert proqramı oldu.
Foyedə Vladislav Loktev və Sənan Ələsgərovun əsərlərindən ibarət “Bakı Rusiya və Azərbaycan rəssamının gözü ilə” adlı fotosərgi nümayiş etdirilirdi.
Xatırladaq ki, “Bakı” jurnalının ərsəyə gəlməsinə “Krokus İntənəşnl” şirkətinin kommersiya direktoru Emin Ağalarov da əhəmiyyətli töhfə verib.