Azərbaycanın Respublika Günü Moskvada qeyd olunub
28/05/2010

Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi Moskvanın “Yevropeyski” Ticarət-Əyləncə Mərkəzində Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Rusiya və Azərbaycanın rəsmi dairələrinin və ictimaiyyətlərinin nümayəndələri, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfirləri iştirak ediblər.

Azırbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu əlamətdar bayram münasibətilə toplaşanları təbrik edib. O 92 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaradıldığını xatırladıb və bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqda o zaman qəbul edilmiş Bəyannamə mahiyyət etibarilə müasir demokratik cəmiyyətimizin əsasını qoyub: “1993-cü ildə görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə son qoyuldu, Azərbaycan dinamik inkişaf etməyə başladı. Hazırda bu siyasi xətti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan bir çox ölkələrin, ilk növbədə, Rusiya Federasiyasının etibarlı tərəfdaşıdır. Azərbaycan ilə Rusiyanı tarixi dostluq əlaqələri birləşdirir. Ölkələrimizin xalqlarını çox şeylər birləşdirir, onlar həmişə dost olacaqlar”.

Diplomat Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə bir çox dövlət proqramlarının həyata keçirildiyini söyləyib: “Azərbaycanın həll olunmamış yeganə problemi Ermənistan-Azərbaycan münaqişəsidir. Biz münaqişənin dinc yolla, beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdarıq. Sevindirici haldır ki, bu gün Rusiyada getdikcə daha çox ekspert, ictimai təşkilat, Rusiya ictimaiyyətinin nümayəndəsi bu problemi düzgün başa düşür”.

Stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycan xalqını bayram münasibətilə təbrik edib: “Bu gün Rusiyada və onun hüdudlarından kənarda heç kim şübhə etmir ki, Azərbaycan dinamik inkişaf edən, tarazlaşdırılmış xarici siyasəti, habelə dövlətçilik işində qazandığı nailiyyətlər, cəmiyyətin sosial-iqtisadi və mədəni potensialının yüksəlməsi sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış bir dövlətdir. Rusiya Azərbaycanı məhz belə güclü, sabit, Qafqaz və Xəzər regionlarında sülh və təhlükəsizlik naminə əməkdaşlığa və birgə konstruktiv fəaliyyətə açıq bir ölkə kimi görmək istəyir. Sevindirici haldır ki, təməli sovet dövrünün və zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi xətti Azərbaycanın indiki rəhbərliyi tərəfindən inamla davam etdirilir. Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında qarşılıqlı anlaşma və ehtiram, ölkələrimizin rəhbərliklərinin münasibətlərimizin hərtərəfli inkişafına meyli Rusiya və Azərbaycan xalqlarının rifahı naminə iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin etibarlı təminatıdır. Əminəm ki, Rusiya və Azərbaycan siyasi, iqtisadi, humanitar əməkdaşlığın inkişaf etdirilməsi işində müsbət təcrübəni inkişaf etdirmək iqtidarındadırlar. Bu vəzifənin uğurla həyata keçirilməsinin ən güclü arqumenti xalqlarımız arasında ənənəvi dostluq münasibətləridir”.

Diplomat iki ölkə arasında əlaqələrin möhkəmliyinin Böyük Qələbənin 65 illik yubileyinin bayram edildiyi günlərdə də təsdiqləndiyini söyləyib: “Prezident İlham Əliyevin və Azərbaycan veteranlarının təntənəli mərasimlərdə, Azərbaycan hərbçilərinin Qızıl meydanda keçirilən paradda iştirakı ümumi tariximizə ehtiramın nümunəsidir. Bu tarix dəfələrlə xalqlarımızın çiyin-çiyinə ağır sınaqlardan çıxmasının və böyük qələbələr qazanmasının şahidi olub”.

Bayram gecəsi Azərbaycan və Rusiya mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.