Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bayram şənliyi keçirilib.
Şənlikdə Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən 150-dən çox uşaq iştirak edib.
Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.
Qeyd edək ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilir.