Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Mayın 4-də Moskvada “Lujniki” stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilib. Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olublar.
Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunur. Builki turnirdə 32 komanda – RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak ediblər. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçiriblər. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxmışlar. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olublar.
Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirib və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik edib. Sonra Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim edib.
Turnirin qalibi və “Heydər Əliyev Kuboku”nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olub. İkinci yeri və müvafiq olaraq “gümüş” mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanıb. Yarımfinal oyunlarının yekunlarına görə, Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülüblər.
Turnirin “Ən yaxşı qapıçısı” nominasiyasında mükafatı MDHİİ-nin tələbəsi Vladimir Zakolodin qazanıb. “Ən yaxşı bombardir” RDBTİGTU-nun tələbəsi Denis Bazovoy olub. “Ən yaxşı oyunçu” adına isə RDBTİGTU-nun tələbəsi Yuri Kerşner layiq görülüb.
Turnirin oyunlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri izləyiblər.