Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 11-də Bakıda, Neftçilər prospektində, Qız qalasının yanındakı boş sahədə “YARAT!” qeyri-kommersiya təşkilatının Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsəri təqdim edilib. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Leyla Əliyeva əsəri haqqında məlumat verərək bildiribki, “Beyin” memarlıq obyekti formal baxımdan qeyri-adi dərəcədə paradoksaldır və bu səbəbdən də hiper-simvolikdir. Müəllif tərəfindən yaradılmış bu qeyri-ənənəvi memarlıq nümunəsi beynin yox, ürəyin üçölçülü plastik “təsvirini” əks etdirir.
Yəni müəllif fiziki ürəyi beyin adlandırır və bununla da hər dəfə təzadlarla və yaxud paradoksla üzləşən zaman bizim qavramamızı itiləşdirir. Axı, məhz bu, şüurlu olaraq şeyləri öz adı ilə çağırmamaq əməliyyatı və beləliklə də məna və məntiqi təzadın yaranması bütün işin məğzini təşkil edir. Bu situasiyada həmin fikir öz mənbəyini qədim dini nəzəriyyələrdən alır ki, burada da çox zaman Ürək məkandan xaric Müdrikliyi özündə var edən sırf düşünmə orqanı kimi, gerçəkliyi ayıran, deməli, qeyri-həyati olan Beyinə əks kimi göstərilir... Bu nəzəriyyələrə əsasən, Beyin təhlil edir, ayırır, bütövü bölür və detalları araşdırır; Ürək isə intuitiv olaraq məğzin özünə nüfuz edir, bütövün hissələrini özündə birləşdirir və bütün təzadları dəf edir. Lakin bu nəzəriyyələrdə, ŞÜUR adlı belə bir bütöv anlayış da mövcuddur ki, bu da Ürəyin qaynar müdrikliyini və Beynin soyuq səmərəliliyini birləşdirən güclü mental sahəni özündə əks etdirir. Hətta “ağılın ürəyə enməsi” kimi belə bir ifadə vardır ki, bu da mənəvi mücahidin aydınlaşması prosesini simvolizə edir.
Leyla Əliyeva “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovaya yaradıcı insanların əsərlərinin nümayiş olunduğu belə bir festivalın təşkilinə görə təşəkkürünü bildirib.
Əsərlə tanış olarkən biz “Beyin” obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə Ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, Beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.
Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran “Beyin” art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan əvvəl IX əsrdə Urmiya gölünün sahilində yaranıb. Bu dövlətin mərkəzi şəhəri İzirtu olub. Mannanın əmələ gəlməsi – tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan əvvəl 321-ci ildə əsası qoyulan və VII əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynayıb. Sasani dövlətinin ərəblər tərəfindən işğalı nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilib. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlayıb. Onlardan biri Şirvanşah-Məzyədi dövləti olub. 1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürüb. Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında Şirvanşahların rolu danılmazıdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırıb,ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını inşa etdirib. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsilə qalaya içməli su çəkdirmiş, karvansaraların tikintisinə diqqət yetirib. Azərbaycan ərazisində parçalanma dövründə, 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı şəhəri olmaqla Bakı xanlığının əsası qoyulub.
Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünya siyasəti ixtisası üzrə təhsil alıb. O, həmçinin “Baku” jurnalının təsisçisi kimi də Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.
Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalında, “Ön söz” - “YARAT! Müasir İncəsənət Məkanı” tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilib. 2012-ci ildə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında və Parisin məşhur Salomon de Rotşild malikanəsində keçirilmiş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Onun müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə geniş tamaşaçı auditoriyasının qəlbinə yol tapır.
“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdiriblər. Layihə sentyabrın 1-dək davam edəcək.