IDEA, “ASAN xidmət” və “Təmiz Şəhər”" birgə layihəyə başlayır
02/02/2014

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı birgə layihəyə start verilib.

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verə bilərlər. Təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq.

Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağızları təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmini və onların bu işə cəlbi, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin effektiv şəkildə artırılması, ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkilidir.

İstifadə olunmuş kağızların qəbuluna 2014-cü il fevralın 3-dən etibarən başlanacaq.