Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub
06/03/2014

Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub.

Dövlət müəssisəsi olan mərkəz 1995-ci ildə yaradılıb. 18 yaşınadək uşaqlara ixtisaslaşdırılmış tibbi yardım göstərən mərkəzdə çalışan mütəxəssislər arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi var.

Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış oldu, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzdi, burada müalicə olunan uşaqlarla, onların valideynləri ilə söhbət etdi.

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr paylanıldı.

Leyla Əliyeva klinikanın rəhbərləri ilə söhbət etdi. Elmi-Təcrübə Mərkəzinin direktoru Andrey Pritıko xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirdi.

Leyla Əliyeva Azərbaycanda həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı” proqramı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyəti haqda danışdı. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi də müzakirə olundu.