IDEA kampaniyası yeni qlobal layihəyə start verir
22/02/2013

Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır. Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.

IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə "Quşlar üçün sığınacaq dizaynı" adı altında müsabiqə elan edib.

Müsabiqəyə təqdim edilmiş 100-dən artıq işin qiymətləndirilməsi üçün xüsusi münsiflər heyəti təşkil edilib. Münsiflər heyəti 26 yaşlı Rusiya nümayəndəsi Tatyana Burdyuginanın həm ekoloji, həm də vizual cəhətdən fərqlənən işini qalib elan edib.

Qeyd edək ki, seçilmiş dizayna əsasən hazırlanacaq sığınacaqlar bahar fəslinin gəlməsi ilə əlaqədar olaraq Bakı, Vilnüs, Moskva və London şəhərlərində IDEA kampaniyasının səyyar könüllü qrupları tərəfindən müxtəlif park və yaşayış ərazilərində köçəri quşları təhlükəsiz sığınacaqlarla təmin etmək məqsədilə quraşdırılacaq.

IDEA kampaniyası Cənubi Qafqazda "Beynəlxalq Köçəri Quşlar Kampaniyası"nın yeganə tərəfdaşıdır və 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.