“Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu olub

Video

“Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu olub

“Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu olub
11/10/2014

Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Baku Crystal Hall”da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva təqdimat şousunda olublar.

Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Sonra Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilmiş kart maşınların nümayişi olub və yarışa hazırlıqdan bəhs edən film təqdim edilib.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov son illər ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb, dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycanın bu gün həm də idman ölkəsi olduğunu bildirib.

Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən danışan Anar Ələkbərov deyib ki, Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində əldə etdiyi təcrübə, Təşkilat Komitəsinin səyləri, Prezident İlham Əliyevin hazırlıq işlərinə şəxsən nəzarəti Azərbaycanın “Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini söyləməyə əsas verir.

Anar Ələkbərovun sözlərinə görə, Azərbaycan Avtomobil Federasiyasının məqsədi Azərbaycan ərazisində avtomobil idmanının inkişafı və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması və möhkəmləndirilməsinə dəstək, təhlükəsiz, ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli nəqliyyat vasitələri ilə hərəkət etmək azadlığının təbliği və təşviqi, vətəndaşların, xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi mövzusunda maarifləndirilməsi, avtomobil turizminin təşviqi və inkişafına dəstək olmaqdır.

“V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda 12 ölkədən 14 peşəkar pilot yarışıb. Onların arasında ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers, üçqat “Drift Challenge” çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının gümüş mükafatçısı Migel Kampos, “V1 Challenge 2011” çempionu, türkiyəli Burak Çukurova, “V1 Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu Anton Huber də olublar.

Azərbaycanı kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev, Adil Axundov və “V1 Challenge Moldova 2013” çempionu Timur Muradov təmsil ediblər.